ABŞ-də Argentina Futbol Assosiasiyasının (AFA) maliyyə əməliyyatları ilə bağlı araşdırma aparılır. ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Ədliyyə Nazirliyi assosiasiyada mümkün maliyyə fırıldaqları ilə əlaqədar istintaqa başlayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları 2026-cı il dünya çempionatı ərəfəsində AFA-nın ABŞ-də fəaliyyətini, həmçinin Amerika maliyyə sistemi vasitəsilə yüz milyonlarla dolların hansı əsaslarla köçürüldüyünü araşdırır.
Sənədlərdə argentinalı iş adamı Xavyer Faroni və həyat yoldaşı Erika Cillettin ABŞ-nin 5 bankındakı hesablar vasitəsilə assosiasiyaya məxsus azı 260 milyon dollar vəsaiti köçürdüyü, ödəniş alan şirkətlərdən bəzilərinin isə faktiki xidmət göstərmədiyi bildirilir.
ABŞ hakimiyyət orqanlarının AFA-nın maliyyə fəaliyyətinə marağı 2024-cü ilin sentyabrında yaranıb, 2025-ci ildə isə bununla bağlı ilkin araşdırmaya start verilib.
