“Qarabağ” növbəti avrokubok yürüşünə başladı. Ötən mövsüm tarixinin ən yaxşı nəticəsini göstərən ağdamlılar bu dəfə Çempionlar Liqasından kənar qalsa da, Avropa Liqasında yeni səhifə açmağa çalışır.

İlk rəqib təmsilçimiz üçün kifayət qədər münasib idi. “Qarabağ”ın “Vestri”dən üstün olması öz yerində, münasiblik həm də islandların məşq üçün sparrinq kimi yaxşı seçim olmasıdır. Qurban Qurbanovun yetirmələri həmişə mövsümə yüksələn xətt üzrə başlayır, oyundan-oyuna formaya düşür. Bu baxımdan ilk rəqiblərə çox güc sərf edilməməsi önəmlidir.

“Vestri” ilə matç yeni transferlərin adaptasiyası üçün də çox önəmli oldu. Bu yay heyətdə gözləniləndən çox islahat aparan ağdamlılar risk edib. Oyunçuların uyğunlaşması geciksə, komanda yersiz büdrəmə ilə hədəflərindən kənar qala bilər. Amma İslandiya təmsilçisi ilə görüş Qurbanovun seçimlərinin uğurlu olduğunu göstərdi. İlk matçdaca özünü yaxşı tərəfdən göstərən yenilər gələcək üçün müsbət siqnallar verdi.

“Qarabağ” bu mərhələ üçün bir neçə oyunçusunu sifariş etməyib. Bununla belə, mövcud heyət də “Vestri”nin öhdəsindən rahatlıqla gəldi. 3:0 mərhələnin taleyinin erkən həll olunması deməkdir, amma ağdamlılar yəqn ki, reytinqini yaxşılaşdırmaq üçün səfərdə də qələbəyə çalışacaq.

Qurbanovun seçdiyi yeni oyunçular heyəti rəqabətli və geniş edib. İndi keyfiyyət baxımından da zənginlik var. Məsələn, Joni Montielin kənarda qalması heç hiss olunmadı. Artıq komanda ilə vidalaşan Kamilo Duran və Leandro Andradenin yoxluğu da kimsənin yadına düşmədi.

“Qarabağ” transfer əməliyyatlarını əla yerinə yetirib. Oyunçu sayı və keyfiyyəti öz yerində, maliyyə baxımından da Ağdam klubu əsl biznesmen kimi davranıb. Təkcə Andrade ilə Duranın satışından təxminən 10 milyon avro qazanılacaq, onlara görə əldə olunan vəsaitin təxminən yarısına 8 transfer reallaşdırılıb. Və bu oyunçular gedənləri aratmayacaq kimi görünür.

Əslində, Duranın zamanında satıldığını xüsusilə vurğulamalıyıq. Kolumbiyalı hücumçu Çempionlar Liqasındakı statistikanı bəlkə bir də təkrarlaya bilməyəcək. Məhz qol və asist sayındakı əla göstəriciləri onu “Seltik”in radarına saldı. “Qarabağ” onu satmasaydı, bəlkə bir də ona görə belə təklif almayacaqdı. Duran satıldı, əvəzinə alınan oyunçuların lk görüşdə verdiyi səviyyə anonsu Juninyo kimi onun da unutdurulacağını deməyə əsas verir.

O da doğrudur ki, “Vestri” yeni transferlərin səviyyəsinə qiymət vermək üçün uyğun rəqib deyil. Zamanla bütün daşlar yerinə oturacaq. Dəqiq olan islandlarla dünənki matçın adaptasiya üçün yerinə düşməsidir.

FƏRİD

Shares: