ÇSKA Basketbol Klubunun prezidenti Andrey Vatutin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya Olimpiya Komitəsinə tətbiq olunan üçillik sanksiyanı müvəqqəti dayandırmasının Rusiya idmanının beynəlxalq arenaya qayıdışı üçün müsbət siqnal olduğunu bildirib.

Vatutin qeyd edib ki, bununla belə, qərarı həddindən artıq şişirtmək düzgün olmaz: “BOK müsbət siqnal verib. Mən həmişə demişəm ki, Rusiya bir gün beynəlxalq arenaya qayıdacaq və bu prosesdə mədəniyyətlə idman ön sırada olacaq. Amma bu, sadəcə tövsiyə xarakterli qərardır. Hər beynəlxalq federasiya öz qaydalarına uyğun hərəkət edəcək”.

Moskva klubunun rəhbəri Rusiya klublarının Avroliqaya mümkün qayıdışının futbol və basketbolda daha mürəkkəb proses olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avroliqa müstəqil təşkilatdır və Avropa Komissiyası, Avropa İttifaqı, eləcə də ayrı-ayrı Avropa hökumətlərinin Rusiya klubları ilə bağlı tövsiyələri, viza problemləri, birbaşa aviareyslərin olmaması kimi amillər prosesi çətinləşdirir. Bundan başqa, klubun büdcəsinin də əhəmiyyətli dərəcədə artırılmasına ehtiyac yaranacaq.

Vatutin ÇSKA-nın ev oyunlarını neytral ölkədə keçirməsi variantını da qəbulolunmaz hesab etdiyini bildirib: “Bu, həm azarkeşlərimizə, həm də komandaya qarşı ədalətsizlik olar. Tərəfdarlarımız ÇSKA-nı yenidən Moskvada Avropanın ən güclü komandalarına qarşı oynayarkən görmək istəyirlər. Belqrad və ya Dubay kimi şəhərlərdə ev oyunları keçirmək həm fiziki, həm də maliyyə baxımından böyük yük yaradar”.

O, sonda Avropada bir çox rəhbər, jurnalist və azarkeşin Rusiya klublarının beynəlxalq yarışlara qayıtmasını dəstəklədiyini desə də, bunun qarşısında hələ də çoxsaylı maneələrin qaldığını vurğulayıb.

Shares: