“Karyeramda yeni bir başlanğıc olduğunu düşünürəm. Həm mənim, həm də “Səbail” üçün yenidən Premyer Liqaya yüksəlmək əsas məqsəddir. İnşallah, bunun öhdəsindən birlikdə gələcəyik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in yeni transferi Fuad Bayramov deyib.

28 yaşlı yarımmüdafiəçi “Səbail”i seçməsinin səbəblərini də açıqlayıb: “Bu klubu seçməyimdə əsas rol oynayan amillər qarşıya qoyulan hədəflər və formalaşdırılan kollektiv oldu. Əslində, bir neçə variantım var idi. Lakin fikirlərimlə üst-üstə düşən layihə, yaradılan şərait və məqsədlər eyni olduğuna görə seçimimi “Səbail”dən yana etdim”.

Bayramov baş məşqçi Elnur Abdullayev ilə görüşü barədə də danışıb: “Baş məşqçi ilə görüşümüz oldu. Klubun qarşıya qoyduğu məqsədlərdən və həmin hədəflərə çatmaq üçün yaradılan şəraitdən danışdı. Mənim də əsas istəyim yenidən Premyer Liqaya qayıtmaq idi. Buna görə təklifi müsbət qarşıladım. “Səbail”in yenidən Premyer Liqaya yüksəlməsi üçün əlimdən gələnin daha artığını etməyə söz verdim. Çalışacağam ki, hər mənada komandaya faydalı olum, həm məhsuldar ötürmələrim, həm də vuracağım qollarla komandama töhfə verim”.

Futbolçu sonda qarşıdakı mövsümlə bağlı hədəflərindən də söz açıb: “Qarşıdakı mövsüm üçün əsas məqsədim “Səbail”lə birlikdə yenidən Premyer Liqaya yüksəlməkdir. Bu uğuru məhz bu ailə və kollektivlə yaşamaq istəyirəm. Şanslarımızı yüksək qiymətləndirirəm. Çünki bunun üçün lazımi şərait yaradılıb və komandamıza böyük inamım var. İnanıram ki, birlikdə qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq. Komanda yoldaşlarıma, məşqçilər heyətinə və klubda çalışan hər kəsə sonsuz güvənirəm. İnşallah, mövsümün sonunda istəyimizə nail olacağıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: