“Şəfa”nın baş məşqçisi Zaur Həşimovun futbolinfo.az saytına müsahibəsi
– Yeni mövsümə hazırlıq prosesini necə dəyərləndirirsiniz? İndiki vəziyyətdə komanda çempionata neçə faiz hazırdır?
– Hazırlığa iyulun 2-dən start vermişik. Hələ ki tam heyətlə məşq edə bilmirik. Yerli oyunçuların hamısı məşqdə iştirak edir. Legionerlərdən isə bəziləri hələ komandanın düşərgəsinə qoşulmayıb. Çempionata neçə faiz hazır olmağımız barədə danışmaq üçün isə hələ tezdir.
– “Şəfa” bu vaxta qədər Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu, Dilan Mertens, Musa Quel və Fərid Yusifli olmaqla, ümumilikdə 10 yeni transfer həyata keçirib. Daha neçə transfer gözlənilir?
– “Şəfa”nın heyəti, demək olar ki, sıfırdan yığılır. Transferlərlə bağlı işimiz yekunlaşmaq üzrədir. Daha bir neçə transfer gözlənilir. Heyətin tam komplektləşməsi üçün bütün oyunçuların kollektivə qoşulması vacibdir.
– Uzun müddətdən sonra Premyer Liqaya geri dönən “Şəfa”nın qayıdışından sonrakı ilk mövsümdə hədəfi nə olacaq: liqadakı yerini qorumaq, yoxsa daha artığına can atmaq?
– Bəli, uzun illər sonra “Şəfa”nın Premyer Liqaya qayıtması mühüm məsələdir. Bu mövsüm hədəfimiz liqada yerimizi möhkəmləndirmək olacaq. Onu da qeyd edim ki, məqsədimizə çatmaq üçün rəhbərlik bizə bütün dəstəyini göstərir. Fürsətdən istifade edərək onlara xüsusi təşəkkürümü bildirirəm.
– “Şəfa” ilə 3 illik müqavilə bağlamısınız. Bu müddətdə komandanın iddiasının ilbəil artması nəzərdə tutulubmu?
– Dediyiniz kimi, müqaviləm 3 illikdir. Klubumuzun gələcəyə hesablanmış böyük planları var. Layihə olaraq “Şəfa” mənim üçün yaxşı seçim oldu. İnşallah, klubumuzun iddiasının artması üçün əlimizdən gələni edəcəyik.
– “Şəfa” Premyer Liqada ev oyunlarını Sumqayıtda keçirəcək. Bəs komandanın Bakıya, öz doğma stadionuna köçməsi nə vaxta planlaşdırılır?
– Rəhbərlik klubun öz stadionunun və təlim-məşq bazasının olmasını istəyir və bunun üçün addımlar atılır. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və “Şəfa” ev oyunlarını öz stadionunda keçirəcək.
FƏRİD
