“İmişli”nin 2026/2027 mövsümü üçün hədəfi açıqlanıb. Bu barədə klubun icraçı direktoru Aqşin Mürsəlov məlumat verib.

Bölgə təmsilçisinin rəsmisi komandanın planları və strategiyası ilə bağlı təşkil olunan mətbuat konfransında açıqlama verib: “İnsanın hədəfi yüksək olmalıdır. Qarşıdakı mövsümdə ilk “6-lıq”da yer almaq istəyirik. Ötən mövsüm hədəfimizə nail olmuşduq. Bəzi insanlar çempionatı tərk edəcəyimizi düşünürdülər. Amma komanda gözləntiləri doğrultdu”.

Mürsəlov 2026/2027 mövsümündə ev oyunlarını Yevlax şəhər stadionunda keçirməyi planlaşdırdıqlarını da bildirib: “Yevlax şəhər stadionu standartlara uyğundur. Ötən mövsüm ev oyunlarımızı Qubada keçirdik. Orada çox əziyyət çəkdik. İmişlidəki stadionla bağlı isə razılığa gələ bilmirik. İndi orada fəaliyyət yoxdur. Özümüzə stadion tikmək niyyətindəyik. Mövsümün əvvəlində bir az çətinliyimiz ola bilər. Amma bunu aradan qaldıracağıq”.

“İmişli”nin bu seçiminə AFFA-nın necə münasibət bildirəcəyi maraqlıdır. Bölgə klubuna ötən mövsüm debütant olduğu üçün güzəştə gedən qurumun İcraiyyə Komitəsi infrastrukturun qurulması üçün bir il möhlət vermişdi. Zaman dolub, amma “İmişli” rəsmiləri hələ də nağıl danışır. Klub evə qayıtmır, yerli stadionla bağlı problem yoluna qoyulmayıb, yeni arenanın tikintisi ilə bağlı heç bir addım atılmayıb.

Tezliklə İcraiyyə Komitəsinin iclası olmalıdır. Ümid edirik ki, AFFA öz qərarını xatırlayar və “İmişli”nin səyyar klub idarə edən rəhbərliyinə “yox” cavabı verər. Əks halda assosiasiyanın bundan sonrakı qərarları ciddiyə alınmayacaq.

Shares: