2027-ci il hokkey üzrə dünya çempionatının açılış oyunu Almaniyada futbol stadionunda keçiriləcək.

IIHF-in açıqlamasına əsasən, Almaniya millisi 13 may 2027-ci ildə  turnirin rəsmi startından bir gün əvvəl Helzenkirhendəki “Veltins Arena”da İsveçrə ilə qarşılaşacaq. Adətən “Şalke 04″ün ev oyunlarına ev sahibliyi edən stadion hazırda 61 574 tamaşaçı tutur.

2027-ci il dünya çempionatı 14–30 may tarixlərində Mannheim və Düsseldorf şəhərlərində keçiriləcək. Açılış matçının futbol arenasında təşkil olunması 2010-cu ildəki tarixi hadisəni təkrarlayacaq. Həmin il də dünya çempionatının ilk oyunu “Veltins Arena”da baş tutmuş, Almaniya ABŞ millisini əlavə vaxtda 2:1 hesabı ilə məğlub etmişdi.

2010-cu ilin həmin görüşü dünya hokkeyi tarixinə düşmüşdü. Qarşılaşmanı 77 803 tamaşaçı izləyərək o dövr üçün hokkey matçlarında dünya rekordu müəyyənləşdirmişdi.

Shares: