Bundan yaxşısını hətta arzulamaq da olmazdı. 6 oyuna 6 qələbə qazanan klublarımız avrokuboka möhtəşəm başlayıb.

Hər üç təmsilçimiz həm ev, həm səfər oyununda qələbə qazanmaqla reytinq baxımından əla göstəriciyə imza atdı. “Sabah”, “Qarabağ” və “Zirə” ümumilikdə 16:1 hesablı üstünlük əldə etdi, bu da 1,500 reytinq xalı deməkdir.

Komandalarımızın yaxşı oyunu bir yana, 6 qələbənin sıralanmasında əla püşkün də rolu var. İnsafən, təmsilçilərimizin bəxtinə münasib rəqiblər düşmüşdü. Lakin şansdan yararlanmaq özü də diqqətəlayiqdir. Hər üç təmsilçimiz rəqibləri düzgün qiymətləndirdi və tam üstünlüyünü parlaq qələbələrlə isbatladı.

“Qarabağ”ın “Vestri” ilə görüşləri darmadağınla bitirməsi yenidən qurulan komandanın yolundan dönməyəcəyini göstərdi. Qurban Qurbanov oyun dəst-xəttini qoruyub, yeni transferlər gücə güc qatıb. Onlar komandaya daha çox uyğunlaşandan sonra yəqin ki, rəqabət daha da artacaq və bu, inkişafa kömək edəcək.

İslandiya təmsilçisi ilə oyunlar ağdamlıların heyəti komplektləşdirməsində mühüm rol oynadı. Daha güclü rəqib risk yaradardı. “Vestri” isə məşq üçün uyğun komanda idi. “Qarabağ”ın yenilərinin ilk mərhələdəcə ön plana çıxması sevindirir. Növbəti oyunlarda rəqiblər daha güclü olacaq, lakin təmsilçimizin oyununda da inkişaf qaçılmazdır. Deməli, “Qarabağ” Avropa Liqasında daha irəli gedə bilər.

Konfrans Liqasında “Zirə” də ümidi doğrultdu. Komandanın heyəti hələ tam formalaşmayıb, kifayət qədər çatımazlıqlar var. Amma Rəşad Sadıqov əlində olan heyətlə mümkün olanın ən yaxşısını bacardı. Bakıdakı qələbə başadüşüləndir, “Torpedo”ya Kutaisidə də 3 cavabsız qol vurmaq artıq təsadüf sayıla bilməz. Rəqib hər nə qədər zəif olsa da, Gürcüstanda darmadağına nail olmaq məşqçinin işi ciddiyə almasının göstəricisidir.

İki həftədir klublarımız üzümüzü güldürür. “Neftçi” də axına qoşulur və digər komandalarımız ikinci matçlarına hazırlaşır. Ən azı iki təmsilçimiz Liqa mərhələsinə yüksələ bilsə, bu, böyük uğur olacaq. Şans var və istifadə etmək lazımdır.

FƏRİD

Shares: