UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorun ortaq sahibi olduğu BKFC (Bare Knuckle Fighting Championship) yumruq döyüşü liqası ilə “Fox Nation” telekanalı yeni layihəyə başlayır.

Tərəflər “Dünyanın ən sərt döyüşçüsü” adlı orijinal sənədli serialın hazırlanması barədə əməkdaşlıq razılaşması əldə ediblər. Layihənin premyerası 2027-ci ilin yayında baş tutacaq, final isə canlı yayımlanacaq turnirlə yekunlaşacaq.

“Ən sərt döyüşçü” layihəsi Konor Makqreqor və BKFC-nin birgə təşəbbüsüdür. Şouda dünyanın müxtəlif ölkələrindən olan döyüşçülər turnir formatında mübarizə aparacaqlar. Makqreqor həm aparıcı, həm də layihənin icraçı prodüseri kimi çıxış edəcək.

Layihə ilə bağlı danışan irlandiyalı ulduz BKFC-nin döyüş idmanında yeni dövr yaratdığını bildirib: “BKFC döyüş idmanında oyun qaydalarını dəyişdi. “Fox Nation” ilə əməkdaşlıq etmək və “Dünyanın ən sərt döyüşçüsü” şousunun aparıcısı olmaq mənim üçün böyük qürurdur. Bu turnir planetin ən güclü döyüşçülərini bir araya gətirəcək və onların dözümlülüyünü, xarakterini və iradəsini həqiqətən sınaqdan keçirəcək. Dünyanın ən sərt döyüşçüsü adının nə ifadə etdiyini yenidən müəyyənləşdirəcək layihənin bir hissəsi olmaqdan qürur duyuram”.

Məlumata görə, serial sənədli film elementlərini BKFC-nin müxtəlif idmançılarının iştirakı ilə keçiriləcək yüksək səviyyəli döyüşlərlə birləşdirəcək. Turnirin qalibi isə canlı yayımlanacaq finalda müəyyənləşəcək.

Shares: