UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”ni Azərbaycan futboluna yaxşı tanış olan rəqib gözləyir. “Ağ-qaralar” SSRİ çempionatı dövründə Minsk “Dinamo”su ilə saysız-hesabsız qarşılaşmalara çıxıb və bu komandalar uzun illər eyni liqada mübarizə aparıblar. İndi isə köhnə tanışlar uzun fasilədən sonra avrokubok matçında üz-üzə gələcək və bu, qarşıdurmaya əlavə maraq qatır.

1927-ci ildə yaradılan Minsk “Dinamo”su Belarus futbolunun ən köklü klublarından biridir. Komanda sovet “Dinamo” İdman Cəmiyyətinin tərkibində fəaliyyətə başlayıb və SSRİ dövründə ölkəsini yüksək liqada təmsil edən yeganə Belarus klubu olub. Ümumilikdə 54 mövsümün 39-da SSRİ çempionatının elitasında çıxış edən Minsk təmsilçisi tarixinin ən böyük uğurunu 1982-ci ildə qazanaraq SSRİ çempionu adına sahib çıxıb.

Klubun tarixi enişli-yoxuşlu olub. Müxtəlif illərdə aşağı liqalara düşsə də, yenidən yüksək dəstəyə qayıdaraq öz mövqeyini bərpa edib. Müəyyən dövrdə “Spartak Minsk” və “Belarus Minsk” adları ilə çıxış edən komanda 1962-ci ildən etibarən yenidən “Dinamo” adını daşıyır.

1982-ci ildəki SSRİ çempionluğundan sonra Minsk “Dinamo”su UEFA Kubokunda debüt edib və ilk mövsümündə 1/4 finala qədər irəliləyib. Komanda həmin yarışda İsveçrənin “Qrasshopper” və Macarıstanın “Gyori ETO” klublarını mübarizədən kənarlaşdırsa da, Rumıniyanın “Dinamo” (Buxarest) klubuna uduzub. Sonrakı illərdə UEFA Kuboku və Kuboklar Kubokunda da iki dəfə 1/4 finala yüksələrək Avropa arenasında uğurlu çıxışları ilə yadda qalıb.

Belarus müstəqillik qazandıqdan sonra “Dinamo” ölkə futbolunun aparıcı qüvvələrindən birinə çevrilib. Klub 1992-ci ildə keçirilən ilk Belarus çempionatının qalibi olub, 1995-ci ilə qədər ümumilikdə beş çempionluq qazanıb. Sonrakı illərdə daha iki dəfə – 1997 və 2004-cü illərdə qızıl medallara sahib çıxan komanda hazırda ölkə tarixinin ən titullu kollektivlərindən biri sayılır. Onun hesabında ümumilikdə 9 Belarus çempionluğu və 3 ölkə kuboku var.

Minsk “Dinamo”su ev oyunlarını 22 mindən çox tamaşaçı tutumuna malik “Dinamo” stadionunda keçirir. Klub Avropa Liqasının 2014/15 və 2015/16 mövsümlərində qrup mərhələsinə yüksələn ikinci Belarus komandası olub. Xüsusilə 2014/15 mövsümündə qrup mərhələsində İtaliyanın “Fiorentina” klubunu 2:1 hesabı ilə məğlub etməsi komandanın Avropa tarixinin ən yaddaqalan nəticələrindən biri hesab edilir.

“Neftçi”ni zəngin tarixə və Avropa təcrübəsinə malik rəqib gözləyir. Hərçənd SSRİ dövrünün məşhur “Dinamo”su ilə indiki komanda arasında böyük zaman fərqi var, klubun ənənələri və beynəlxalq təcrübəsi qalmaqdadır. Bu amillər Yuri Vernidubun komandasını ciddi sınağın gözlədiyini göstərir və iki köhnə tanışın bu dəfə Avropa səhnəsindəki dueli böyük maraq doğurur.

Vernidubdan söz düşmüşkən, ukraynalı mütəxəssis bir neçə il əvvəl Soliqorsk “Şaxtyor”unu çalışdırdığından “Dinamo”ya yaxından bələddir. Amma bu heyəti daha yaxından incələməlidir. Oyun ərəfəsində biz də minsklilərin oyunçu və taktikasını “ələk-vələk” edəcəyik.

TAHİR MİRZƏ

Shares: