İspaniyanın Las-Palmas şəhəri 2028-ci ildə qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsinin oyunlarına ev sahibliyi edəcək. Bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, turnirin digər üç ev sahibi ölkəsi hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, bu, İspaniya tarixində ilk dəfə olacaq ki, ölkə böyüklər arasında qadın voleybolu üzrə Avropa çempionatının oyunlarını qəbul edəcək.

Xatırladaq ki, 2026-cı il qadın voleybolçular arasında Avropa çempionatı isə ölkəmizlə yanaşı, Türkiyə, Çexiya və İsveçdə keçiriləcək.

Hazırkı Avropa çempionu Türkiyə millisidir. “Ay-ulduzlular” 2023-cü ildə keçirilən finalda Serbiyanı 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxmışdı.

Shares: