Türkiyə Kubokunun qalibi “Trabzonspor” UEFA Avropa Liqasında pley-off mərhələsindən mübarizəyə qoşulacaq.

Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatı mümkün rəqiblər barədə araşdırma aparıb.

Hazırkı durumda “Trabzonspor” püşkatma zamanı səpələnməmişlər sırasında olacaq. 2-ci təsnifat mərhələsində Bolqarıstan təmsilçisi CSKA ilə qarşılaşacaq “Qarabağ” turnirdə pley-offa qədər irəliləsə, “Trabzonspor”un mümkün rəqiblərindən biri olacaq.

Türkiyə mətbuatı məhz bu amili xüsusi vurğulayıb. Trabzonluların pley-offda güclülərin səbətində yer alması üçün “Qarabağ” da daxil olmaqla 4 yüksək reytinqli komanda həmin raunda yüksəlməməlidir.

“Trabzonspor”u pley-offda çətin sınaq gözləyir. “Benfika”, “Qarabağ”, “Anderlext” kimi güclü komandalar var ki, onlar təmsilçimizə rəqib ola bilərlər. Hər üç komandanın kifayət qədər böyük avrokubok təcrübəsi var və “Trabzonspor”a mane ola bilərlər”, – deyə məqalədə yazılıb.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü avqustun 3-də atılacaq.

Shares: