“Sabah” KuPS komandasını məğlub etmək üçün əlindən gələni edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda Finlandiyanın KuPS komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
“Ümid edirəm ki, rəqibimiz qonaqpərvərliyimizi hiss edəcək. Bizim ümüdlərimiz böyükdür. Sabahkı oyuna ən yaxşı şəkildə köklənməliyik. Azarkeşlərimiz üçün qələbə qazanmalıyıq. Buna görə əlimizdən gələni edəcəyik”.
O, komandanın avrokuboklardakı perspektivinə toxunub:
“Hara qədər irəliləyə bilərik? Bu barədə danışmaq tezdir. Öz işimizi görməliyik. Hər şeyi meydanda sübut etməliyik. Yolumuz uzundur. İlk növbədə sabahkı görüşə köklənməliyik”.
Baş məşqçi Finlandiya çempionatında mövsümün davam etdiyini xatırladıb:
“Optimal formada olmağımız üçün nə qədər oyun lazımdır? Hər mövsüm fərqlidir. Kimin yaxşı formada olduğuı barədə danışmağın mənası yoxdur. İstədiyimiz ən yaxşı oyun planını qurmağa çalışacağıq. Rəqib pis formada olsa da, nələrinsə sayəsində meydandan qalib ayrıla bilər. Bizim üçün ən önəmli olan qarşıdan gələn matçdır”.
Dambrauskas heyət seçimi barədə danışıb:
“Əsas məqsədim komandanı qarşıdakı matça hazırlamaqdır. Kollektivdə rəqabətin olması normaldır. “11-lik” üçün ən yaxşı futbolçuları seçəcəyəm”.
Xatırladaq ki, “Sabah” – KuPS matçı iyulun 21-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
