“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun ən titullu klublarından biri olan Minsk “Dinamo”su ilə üz-üzə gələcək. Son illərdə ölkə çempionatında sabit çıxışı ilə seçilən paytaxt təmsilçisi Avropa arenasında da mütəmadi çıxış edən komandalar sırasındadır və növbəti mərhələyə yüksəlmək üçün Bakı klubunun qarşısında ciddi maneələrdən biri hesab olunur.

Aleksandr Şaqoykonun rəhbərliyi altında daha intizamlı və balanslı oyun sərgiləyən “Dinamo” kollektiv futbolu, fiziki hazırlığı və taktiki nizam-intizamı ilə seçilir. “Neftçi”ni çətin iki oyun gözlədiyi üçün rəqibin heyətini, əsas futbolçularını və oyun üslubunu yaxından təhlil etmək vacibdir.

Minsk “Dinamo”su istər sovet dövründə, istərsə də son illərdə Belarus futbolunun ən sabit çıxış edən kollektivlərindən biri kimi formalaşıb. Komanda heyətində legioner futbolçuların çoxluğu ilə seçilməsə də, intizamlı oyun modeli, fiziki hazırlığı və kollektiv futbolu hesabına uğur qazanmağa çalışır. Aleksandr Şaqoykonun baş məşqçi postuna gəlişindən sonra “ağ-göylər” daha balanslı oyun nümayiş etdirməyə başlayıb. 45 yaşlı mütəxəssis əsasən 4-3-3 və 4-2-3-1 sxeminə üstünlük verir və bu sistemdə həm müdafiə, həm də hücum arasında məsafənin qısa saxlanılmasına xüsusi diqqət yetirir.

Qapıda əsas seçim İvan Şimakoviçdir. Gənc qapıçı yaxşı refleksləri ilə seçilir və yaxın məsafədən zərbələrdə etibarlı təsir bağışlayır. Ehtiyatda olan Mixail Kozakeviç və Danila Radkeviç əsas heyət uğrunda mübarizə aparsalar da, hazırda Şimakoviç bir nömrə hesab olunur.

Müdafiənin mərkəzində komandanın ən təcrübəli futbolçularından Roman Bequnov lider rolunu oynayır. Maksim Şvetsov və Aleksey Vakuliç onun əsas tərəfdaşlarıdır, Vladislav Kalinin, Aleksey İvanov, Matvey Dubatovka, Qleb Qurban və Abdul Aziz Ture isə müdafiə xəttində rotasiya imkanlarını artırırlar.

Şaqoykonun komandası müdafiədən çıxarkən risk etməyi çox sevmir. Top əvvəlcə mərkəz müdafiəçiləri arasında dövr edir, daha sonra dayaq yarımmüdafiəçilərindən biri oyuna qoşularaq hücumun ilk fazasını qurur. Aleksandr Selyava bu baxımdan komandanın ən vacib fiqurlarından biridir. Təcrübəli yarımmüdafiəçi oyunun tempini tənzimləyir, topun istiqamətini dəyişir və komandanın müdafiədən hücuma keçidini təşkil edir. Onun yanında Yevgeni Malaşeviç, Favaz Abdullahi, Vladislav Poloz, Artem Sokolovski və digər yarımmüdafiəçilər daha çox dinamika və pressinq funksiyasını yerinə yetirirlər.

Cinahlarda Qırğızıstan millisinin üzvü Güljigit Alıkulov komandanın ən təhlükəli futbolçularından sayılır. O, sürəti, driblinqi və birəbir mübarizələrdəki üstünlüyü ilə fərqlənir. Şaqoykonun hücumlarının əhəmiyyətli hissəsi məhz Alıkulovun oynadığı cinah üzərindən qurulur. Rəqib müdafiəçilərini öz üzərinə çəkərək boş zonalar yaratmaq onun əsas üstünlüklərindəndir.

745714499 18605453437046079 911519831906326234 n 11784385343 - Futbolinfo.az

Hücum xəttində belarus ermənisi Karen Vardanyan, daha sonra İvan Baxar, Leonard Qvet və Mustafa Djimet fərqli xüsusiyyətlərə malik oyunçulardır. Baxar daha çox təcrübəsi və mövqe seçimi ilə seçilir, Qvet fiziki gücü hesabına hava toplarında üstünlük qazanmağa çalışır, Djimet isə açıq zonalarda sürəti ilə təhlükə yarada bilir. Bizə qarşı oynayıb-oynamayacağını söyləyə bilməsəm də, Vardanyanın təhlükəli hücumçu olduğunu xüsusi vurğulamalıyam. Hər halda, “Dinamo”nun heyətində 37 oyuna 14 qol vurması çox şeydən xəbər verir.

Şaqoykonun oyun fəlsəfəsində yüksək riskli hücum futbolundan daha çox nizam-intizam ön plana çıxır. Komanda topu itirdikdən dərhal sonra bütün xətlərlə irəli atılmır, əksinə, orta blokda sıxlıq yaradaraq rəqibi cinahlara yönləndirməyə çalışır. Top geri qaytarıldıqdan sonra isə ilk ötürmələr mümkün qədər irəli istiqamətlənir və sürətli keçid hücumlarına üstünlük verilir. Cinah müdafiəçiləri imkan yarandıqca hücuma qoşulsalar da, onların əsas vəzifəsi müdafiə balansını qorumaqdır. Komanda standart vəziyyətlərdə də təhlükəli görünməyə çalışır və xüsusilə hündürboy mərkəz müdafiəçilərinin irəli çıxması ilə hava mübarizələrindən maksimum yararlanmağa çalışır.

Ümumilikdə, Minsk “Dinamo”su fərdi ustalıq hesabına deyil, kollektiv oyun sayəsində nəticə qazanan komandadır. Heyətdə təcrübəli futbolçularla yanaşı, inkişaf mərhələsində olan gənclər də kifayət qədərdir və bu amil rotasiya baxımından Şaqoykonun əlini gücləndirir. “Neftçi” üçün əsas təhlükə rəqibin nizam-intizamlı müdafiəsi, Alıkulovun cinah reydləri və Selyavanın oyunu idarə etmək bacarığı olacaq.

Bununla yanaşı, “Dinamo” yüksək pressinq altında bəzən top itkisinə yol verir və müdafiədən çıxış zamanı səhvlər edə bilir ki, Bakı təmsilçisi bu məqamlardan istifadə etməyə çalışacaq. Bu səbəbdən qarşıdakı iki oyunda taktiki mübarizədə və orta xəttdə üstünlüyü ələ alan tərəfin növbəti mərhələyə vəsiqə qazanmaq şansı daha yüksək görünür.

Ümumilikdə, Minsk “Dinamo”su fərdi ustalıq hesabına deyil, kollektiv oyun və taktiki intizam sayəsində nəticə qazanan komandadır. Belarus təmsilçisi xüsusilə müdafiədə səhvləri minimuma endirməyə, topu itirdikdən sonra isə qısa müddətdə oyun strukturunu bərpa etməyə çalışır. Bununla yanaşı, komandanın yüksək pressinq altında zaman-zaman çətinlik yaşaması və müdafiədən çıxışda top itkilərinə yol verməsi “Neftçi”nin faydalana biləcəyi məqamlardan sayılır. Qarşılaşmaların taleyini orta sahədə üstünlük uğrunda mübarizə, cinahlardakı duel və standart vəziyyətlərdəki effektivlik müəyyənləşdirə bilər.

Təbii ki, heyət amilinə görə “Neftçi” cütün favoritidir. Amma rəqib “Sileks”i səfərdə əsas vaxtda 1:0 hesabı ilə məğlub edib sonradan penaltilər seriyasında uğurlu olaraq mərhələ adlayıbsa, “Neftçi” diqqətli olmalıdır. Yuri Vernidub Belarus çempionatını yaxından tanıdığına görə “Dinamo”nun üslubunu bilir. Amma koronovirus dövründən çox vaxt ötüb, minsklilərin heyəti demək olar ki dəyişib.Bununla belə, fəlsəfə olduğu kimi qalıb. Rəqibi ciddiyə alıb oynamaq lazımdır!

Yeri gəlmişkən, “Dinamo” Adrian Mutunun dövründə də “Neftçi”yə rəqib ola bilərdi, amma “Jelezniçar” səddini adlaya bilməmişdi. Hələ üstəlik, ev oyunlarını “Azərsun Arena”da keçirmişdilər. Maraqlıdır ki, bu dəfə Balkan yarımadasının başqa bir təmsilçisini mübarizədən kənarlaşdırıb paytaxtımıza səfərə gəliblər. Hələ unutmayaq ki, 2024/25 mövsümündə UEFA Konfrans Liqasının əsas mərhələsində də oynayıblar. Asan olmayacaq!

TAHİR MİRZƏ

Shares: