“Sabah”ın futbolçusu Akim Zedadka UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə Finlandiyanın KuPS klubuna 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra futbolinfo.az saytına müsahibə verib.
– KuPS üzərindəki 1:0 hesablı qələbəni necə dəyərləndirirsən?
– Bu futboldur və biz oyuna nəzarət etdik, çoxlu zərbələr vurduq, amma cəmi bir dəfə fərqlənə bildik. Yenə də müsbət tərəfi odur ki, çoxlu qol imkanları yaratdıq. Bu, bizim üçün vacibdir və Finlandiyada daha çox qol vurmaq istəyirik.
– Səfər oyunu haqqında nə düşünürsünüz?
– Səfər oyunu növbəti mərhələyə keçid baxımından çox vacib olacaq. Çətin və rəqabətli qarşılaşma gözləyirik. Rəqib yaxşı futbol oynaya bildiyini göstərdi. Biz isə yenə öz oyunumuzu oynamağa çalışacağıq və qalib gəlmək istəyirik.
– Sanki bəzi çətinliklər var…
– Komandada yaxşı və stabil əlaqə var. Bəzi çətinliklər olsa da, ümumi performansımız pis deyil. Əsas odur ki, oyunu qazandıq. Oyuna nəzarət edə bildik, dominant futbol oynadıq.
– Səfərdə süni ot örtüyündə oynayacaqsız. Bu, sizə çətinlik yaradacaq?
– Daha çox qol vurmaq istəyirdik. Amma nəzərə almaq lazımdır ki, biz liqada da “Şamaxı” və “Karvan-Yevlax”a qarşı süni örtükdə oynamışıq. Yəni müxtəlif meydanlarda oynamağa öyrəşmişik və öz futbolumuzu göstərə bilirik.
– TNS-lə də səfərdə süni örtükdə oynamışdınız. Fərqi hiss edirdiz?
– Meydan fərqli ola bilər, amma bu, bizim üçün problem deyil. Harada oynamağımızdan asılı olmayaraq, öz oyun üslubumuzu nümayiş etdirməliyik.
– TNS və KuPS-u müqayisə etsəniz…
– Bunlar iki fərqli komandadır. TNS daha çox müdafiəyə üstünlük verir və fiziki oyuna əsaslanır. KuPS isə daha keyfiyyətli futbol oynamağa çalışır, qısa ötürmələr edir və qapıçı ilə oyun qurur. TNS əsasən uzun ötürmələrdən istifadə edir və əks-hücumlara çıxmağa çalışır. Bu baxımdan fərqlənirlər.
AĞA
