Norveç Futbol Assosiasiyası ABŞ Prezidenti Donald Trampın dünya çempionatı zamanı Folarin Baloqunun diskvalifikasiyasının ləğvinə təsiri ilə bağlı FIFA-nın Etika Komitəsinə şikayət etməyə hazırlaşır. Bu barədə qurumun prezidenti Lise Klaveness açıqlama verib.

ABŞ millisinin hücumçusu Folarin Baloqun Bosniya və Herseqovina ilə 1/16 final matçında (2:0) qırmızı vərəqə aldıqdan sonra cəzalanmışdı. Lakin onun diskvalifikasiyası bir illik sınaq müddəti şərti ilə dayandırıldı və futbolçu Belçikaya qarşı 1/8 final görüşündə (1:4) meydana çıxdı. Daha sonra Tramp bu qərarın qəbulunda şəxsən iştirak etdiyini təsdiqləmişdi.

Klavenessin sözlərinə görə, oyun qaydalarının bu cür dəyişdirilməsi futbolun əsas prinsiplərini təhlükə altına qoyur: “Bu, ümumiyyətlə baş verməməli idi. Hamımız bilirik ki, qərara kənar qüvvələr təsir edib və lazımi prosedura əməl olunmayıb. FIFA rəhbərliyi bunun səhv olduğunu etiraf etməlidir”.

Norveç Futbol Assosiasiyasının rəhbəri bildirib ki, dövlət rəhbərlərinin və siyasətin təsiri altında qəbul edilən qərarlar təşkilatın müstəqilliyini sarsıdır və gələcək üçün təhlükəli presedent yaradır. Onun fikrincə, belə hallarda qərarların daha geniş tərkibli orqan tərəfindən qəbul edilməsi vacibdir.

Klaveness əlavə edib ki, məsələ çox ciddidir və artıq onu gizlətməyin mənası yoxdur: “Bu hadisə futbolçulara, məşqçilərə və azarkeşlərə təsir edib. Məsələni idarə heyətinin iclasının gündəliyinə çıxaracağıq və mən hesab edirəm ki, FİFA-nın Etika Komitəsinə rəsmi şikayət verilməlidir”.

Shares: