UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin Estoniyanın “Payde ” klubu ilə qarşlaşması haradasa bizim üçün uğurlu püşk ola bilər. Amma rəqibə heç də yuxarıdan aşağı baxmaq olmaz.
Son illərdə Estoniya futbolunun sabit komandalarından biri olan “Payde”nin heyətində yerli futbolçularla yanaşı, Braziliya və Qambiyadan olan legionerlərə də geniş yer ayırıb. Komandanın əsas məqsədi sürətli keçidlər, fiziki mübarizə və cinahlardan istifadə etməklə rəqibə problem yaratmaqdır.
2026-cı ilin aprelindən etibarən komandaya Estoniya millisinin sabiq futbolçusu Tarmo Kink rəhbərlik edir. O, əvvəlcə köməkçi məşqçi olub, daha sonra baş məşqçi səlahiyyətlərini icra etməyə başlayıb.
Qapı xəttində komandanın iki əsas seçimi təcrübəli Marko Meerits və qambiyalı Ebrima Jarjudur. Xüsusilə Jarju son oyunlarda əsas heyətdə meydana çıxaraq etibarlı çıxışı ilə seçilib.
Müdafiədə Estoniya millisinin sabiq üzvü Nikita Baranov əsas fiqurlardan hesab olunur. Onun yanında braziliyalı Viktor Hüqo çıxış edir. Cinahlarda Mikael Lilander və Edqar Tur həm müdafiədə, həm də hücumlara qoşulmaq baxımından komandanın vacib oyunçularıdır. Gerdo Yuhkam, Pedro Andrade Drozina, Hindrek Oyamaa, Kevin Coşua Kanne və Romet Niqula isə müdafiə rotasiyasını formalaşdırırlar, desək, daha doğru olar. Müdafiə xəttində həm təcrübə ön plana çıxır, həm də fiziki güc öz sözünü deyir.
Yarımmüdafiədə oyunun ritmini əsasən Martin Miller və braziliyalı Daniel Kabral müəyyənləşdirirlər. Oskar Höim, Ramon Smirnov, Henri Lehtmaa, Aleksandr Şurögin və Pa Abdu Çam isə mərkəzdə alternativ seçimlərdir. Komandanın kapitanı Henrik Oyamaa həm yarımmüdafiədə, həm də hücum xəttinə yaxın zonalarda çıxış edə bilən ən təcrübəli futbolçulardan biridir. Uzun illər müxtəlif ölkələrdə çıxış etmiş Oyamaa komandanın liderlərindən hesab olunur. Amma Şotlandiyanın “Mozervell” və Polşanın “Legiya” ilə “Vidzev” komandalarıbnın şərəfini qorumuş 35 yaşlı veteran futbolçu Litvanın “Hagelman” komandaları ilə oyunlarda heyətə düşə bilmədi.
Hücum xəttində ən tanınmış ad Henri Anierdir. Estoniya millisinin uzun illər əsas hücumçularından biri olmuş Anier 2025-ci ildə Avropanı və Uzaq Şərqi gəzib yenidən “Payde”yə qayıdıb və komandanın ən təcrübəli futbolçularından biri sayılır. Onun ətrafında qambiyalı Abdurahman Badamosi, Momodu Jobarte və Pa Modu Sohna, həmçinin Uilyam Lins, Siim və Daniel Luts qardaşlıarı və Kristofer Pit kimi oyunçular hücum potensialını artırırlar. Xüsusilə Badamosi və Sohna sürətləri və fərdi mübarizələri ilə diqqət çəkən futbolçular hesab olunurlar.
Tarmo Kink baş məşqçi təyin olunduqdan sonra “Payde” sabit bir oyun modelinə tam keçməsə də, son görüşlərdə əsasən 4-3-3 və 4-2-3-1 sxemlərindən istifadə edib. O, qapanmaq lazım gələndə daha ehtiyatlı 5-4-1 düzülüşünə üstünlük verir. Bu da göstərir ki, Kink rəqibdən asılı olaraq taktiki dəyişikliklər etməyə meyillidir.
Rəşad Sadıqov “Torpedo” ilə ikinci oyundan sonra Dirk Şusterin onu aldatdığını söylədi. Kink də eyni hoqqalardan çıxa bilər.

Komanda topa uzun müddət sahib olmaqdan daha çox, onu qazandıqdan sonra sürətli hücuma çıxmağa çalışır. Cinah müdafiəçilərinin irəli qoşulması və hücumçuların boş zonalara hərəkəti “Payde”nin əsas hücum silahlarından biridir. Standart vəziyyətlərdə isə uzunboylu müdafiəçilərin irəli çıxması əlavə təhlükə yaradır.
Müdafiədə “Payde” adətən sıxlıq yaratmağa üstünlük verir və rəqibi mərkəzdən deyil, daha çox cinahlara yönəltməyə çalışır. Top itkisindən sonra bütün komanda ilə yüksək pressinq tətbiq etməkdənsə, mövqeləri qorumağa cəhd edirlər. Buna görə də sürətli kombinasiya və dəqiq ötürmələrlə oynayan komandalar onların müdafiə xəttinin arxasında boşluqlar tapa bilirlər.
“Payde” balanslı və fiziki cəhətdən yaxşı hazırlıqlı kollektiv təsiri bağışlayır. Heyətdə Estoniya millisində çıxış etmiş futbolçuların olması komandanın təcrübəsini artırır, braziliyalı və qambiyalı legionerlər isə sürət və fərdi keyfiyyət baxımından hücum xəttinə dinamika qatırlar. Bununla yanaşı, komandanın oyun modeli daha çox keçid hücumlarına əsaslandığından, topa nəzarəti sevən və sürətli kombinasiyalar quran rəqiblərə qarşı çətinlik yaşaya bilir.
“Zirə” üçün əsas diqqət tələb edən futbolçular Henrik Oyamaa, Henri Anier, Martin Miller, Daniel Kabral və Nikita Baranov olacaq. Qarşılaşmanın taleyində mərkəz zonasında mübarizə, cinahların effektiv istifadəsi və standart vəziyyətlərdən maksimum faydalanmaq həlledici rol oynaya bilər. Amma onları məğlub etməyin yolunu tapmaq çətin olmamalıdır. “Zirə”nin heyəti daha keyfiyyətli futbolçulardan qurulub. Sadəcə, meydanda qaçmaq və döyüşmək lazımdır!
ABBAS