“Qarabağ” UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda bu gün Bolqarıstan təmsilçisi ÇSKA-nı (Sofiya) qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, xarici mütəxəssislər Azərbaycan klubunu cütün aşkar favoriti kimi qələmə verib.
Ekspertlərin fikrincə, ağdamlılar son illər olduğu kimi, bu dəfə də avrokubokların əsas mərhələsinə qədər irəliləməyi bacaracaq. ÇSKA isə son beş ildə ilk dəfə bunu reallaşdırmaq arzusundadır. Sofiya komandasının heyətində ən böyük təhlükə kimi Yannis Pittas, Leandro Qodoy və Ceyms Eto göstərilib.
Buna baxmayaraq, “Qarabağ”ın Bakıdakı ilk qarşılaşmada çox əziyyət çəkməyəcəyi yazılıb. Ağdamlıların son illər avrokuboklarda topladığı təcrübə və daha oturuşmuş oyun sisteminin həlledici amil olacağı güman edilib. Bolqarlar qol vurmaq potensialına malik olsa da, “Qarabağ”dan daha keyfiyyətli və sabit oyun gözlənilir. Azərbaycan təmsilçisinin minimum 2 top fərqli qələbəsi proqnozlaşdırılıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – ÇSKA oyunu saat 20:00-da başlayacaq.
