Tailandın “King Power” şirkəti İngiltərənin “Lester” klubunu satmaq variantını nəzərdən keçirir.
“Financial Times” nəşrinin məlumatına görə, şirkət potensial alıcıların tapılması məqsədilə ABŞ-ın maliyyə konqlomeratı “Citigroup”un investisiya bankirləri ilə əlaqə saxlayıb. Klub isə hələlik bu xəbərlə bağlı rəsmi açıqlama verməyib.
“Lester” 2016-cı ildə Klaudio Ranyerinin rəhbərliyi altında İngiltərə Premyer Liqasının qalibi olmuşdu. Lakin 2026-cı ildə komanda Çempionşipdən də aşağı liqaya yuvarlanıb. Ötən mövsüm isə 2023/24 mövsümündə maliyyə qaydalarını pozduğu üçün klubun hesabından 6 xal silinmişdi.
Bu il açıqlanan maliyyə hesabatına əsasən, klubun 2024/25 Premyer Liqa mövsümündə zərəri 71,1 milyon funt sterlinq təşkil edib. Eyni zamanda, “Lester”in sahibləri ötən il səhmdar kreditləri üzrə 124 milyon funt sterlinq borcu silərək onu nizamnamə kapitalına çeviriblər.
Hazırkı rəhbərlik “Lester”i Siqreyvdə yerləşən müasir və çoxmilyonluq məşq bazasına köçürmüş, həmçinin stadionun genişləndirilməsi layihəsini də nəzərdən keçirmişdi. Lakin komandanın üçüncü diviziona düşməsi bu planların həyata keçirilməsini dayandırıb.
Mənbənin yazdığına görə, “King Power” şirkətinin əsas biznesi də pandemiyadan sonra, xüsusilə Çindən Taylanda gələn turistlərin sayının azalması səbəbindən ciddi çətinliklərlə üzləşib.
