Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov komandası Berlin “Dinamo”sunda yeni mövsümün də əsas kapitanı olacaq.

Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Regionalliqa təmsilçisinin lideri kimi qalacaq.

Hətta o, yeni mövsümün ilk turunda “Erfut”a səfərdə 1:4 hesabı ilə məğlub olduqları qarşılaşmada da komandanı meydana kapitan kimi çıxarmışdı. Lakin məşqçi heyəti Rüfəti matçlar zamanı 90 dəqiqə meydanda saxlamağı düşünmür. Bu üzdən onun bəzən oyuna ehtiyatdan girməsi nəzərdə tutulur. Belə hallarda isə kapitan funksiyasını 29 yaşlı müdafiəçi Tobias Gunte yerinə yetirəcək.

Klub rəhbərliyi Rüfət Dadaşovun meydandan kənarda da komandaya ciddi təsir gücünə malik olduğunu və onun gənclərə nümunə olacağını düşünür.

“Dinamo” çempionatda növbəti oyununu avqustun 1-də “Çemie Leipziq”ə qarşı keçirəcək.

Qeyd edək ki, 2023-cü ilin yayından “Dinamo”da çıxış edən Rüfət Dadaşov indiyədək Regionalliqada keçirdiyi 104 oyunda 58 qol vurub, 12 məhsuldar ötürmə verib.

Shares: