“Qarabağ” bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA-nın qonağı olacaq.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma öncəsi yerli mətbuat Sofiya klubunun şanslarını dəyərləndirib.
Ağdamlıların zəngin avrokubok təcrübəsi və son illər stabil nəticələr göstərməsi əsas diqqətçəkən məqam olub. Lakin o da vurğulanıb ki, “Qarabağ”ın heyətində baş verən dəyişikliklər, həmçinin Bakıdakı qolsuz bərabərlik ÇSKA-nı xeyli ümidləndirib.
Üstəlik, sofiyalılar Bolqarıstan çempionatının 2-ci turu çərçivəsində evdə “Botev”ə 3:2 hesabı ilə qalib gəlib. Bolqarlar həmin matçda komandanı qələbəyə daşıyan Yannis Pittasın “Qarabağ”la görüşdə də əsas silah olacağını düşünür: “Yannis Pittas və Stefano Sensi fasilədən sonra meydana daxil olaraq oyunun axarını dəyişməklə komandanın əsas futbolçuları olduqlarını göstərdilər. Xüsusən də, Pittas 1 qol, 1 assistlə ÇSKA-nı qələbəyə daşıdı. Kipr millisinin üzvü “Qarabağ”la görüşdə də komandanın əsas silahı olacaq”.
Qeyd edək ki, ÇSKA – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
