Bolqarıstanın ÇSKA (Sofiya) komandası “Qarabağ”a qarşı UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün çox iddialıdır. Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib: “Hər iki komanda üçün çox vacib oyundur. Cavab matçında hər iki tərəf də qalib gəlmək istəyir. Rəqib komanda çox iddialı və həvəslidir. Bu bir daha bizi məsuliyyətli olmağa vadar edir. Hər iki komandanı eyni səviyyədə adlandırardım. Hər iki tərəfin də qələbə qazanmaq ehtimalı var. Düşünürəm ki, azarkeşlər baxımlı görüşə şahidlik edəcəklər. Biz isə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirmək istəyirik”.

O, qalib gəlmək üçün Bakıdakı ilk matçdakından daha yaxşı çıxış etməli olduqlarını söyləyib: “Xüsusu dəyişiklik edəcəyimizi deyə bilmərəm. Amma mərhələni adlamaq istəyiriksə, mütləq Bakıdakından daha yaxşı oynamalıyıq. Rəqib daim oyun planında rotasiyalar edə bilən komandadır”.

Qurbanov Kamilo Duran və Leandro Andradenin yerini doldurmağı düşündüklərini deyib: “Bəli, çox yaxşı iki oyunçumuzu yaxşı klublara göndərdik. Kollektivə tam uyğunlaşmışdılar. Çox inamlı futbolçular idi. İstənilən halda bu gün düşünmürəm ki, onlar komandada olsaydılar, nələr edərdilər. Onlara uğurlar arzulayıram. Hücum xəttində yer alan futbolçuların hər biri özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Çox işgüzar yeni futbolçularımız var. Onlara inanaraq komandaya dəvət etmişəm. Bir az fərqli üslubda olan futbolçulardır. Lakin onların da fərqli oyun manevrləri var. İnanıram ki, Duranla Andradenin yoxluğunu hiss etdirməyəcəklər. Çünki sonadək mübarizə aparmağı bacaran futbolçulardırlar”.

Qurban bəy iki il əvvəl “Ludoqorets”lə matçda 7 qol vurmalarının önəmli olmadığını deyib: “Belə nəticələr nadir hallarda olur. ÇSKA bir az fərqli komandadır. Bakıda bu komandanın gücünü gördük. Bu gün futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən kollektiv bu cür nəticə göstərə bilər. İstər 1 top fərqi olsun, istər 2, qalib gəlmək üçün düzgün oyun qurmalıyıq. ÇSKA-ya qarşı səhv etmək olmaz. Böyük hesabı yaddan çıxarmalıyıq. Bura nəticə üçün gəlmişik”.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da, Bakı vaxtı ilə saat 22:00-da Sofiyada başlayacaq.

Shares: