Almaniya Futbol Liqası (DFL) ABŞ-ın investisiya şirkəti “Apollo Sports Capital”dan 1 milyard avro məbləğində maliyyə cəlb etmək imkanını nəzərdən keçirir. Məlumata görə, tərəflər arasında iyun ayında Nyu-Yorkda qapalı görüş keçirilib və Bundesliqaya 20 il müddətinə kredit ayrılması müzakirə olunub.
Bildirilir ki, sövdələşmənin təminatı kimi Bundesliqanın gələcək daxili televiziya yayım hüquqlarından əldə edəcəyi gəlirlərdən istifadə edilməsi planlaşdırılır. Danışıqların rəsmi tender keçirilmədən birbaşa aparıldığı qeyd olunur.
DFL cəlb ediləcək vəsaiti Bundesliqanın beynəlxalq nüfuzunu artırmağa yönəltmək niyyətindədir. Maliyyənin xaricdə marketinq kampaniyalarına, klubların beynəlxalq turnelərinə və liqanın tanıdılmasına xərclənməsi nəzərdə tutulur. Məqsəd maliyyə imkanları və qlobal tanınma baxımından Almaniya çempionatının İngiltərə Premyer Liqasından geri qalmasını azaltmaqdır.
Hazırda layihə ilkin mərhələdədir və onun reallaşması üçün Almaniya klublarının razılığı tələb olunur.
Qeyd edək ki, DFL-in əvvəlki illərdə özəl investorları cəlb etmək cəhdləri azarkeşlərin ciddi etirazı ilə qarşılanmışdı.
