FIFA prezidenti Canni İnfantino təşkilata üzv olan 211 milli assosiasiyaya dünya çempionatının hüquqlarının bir hissəsinin xarici investorlara satılmasını dəstəkləyəcəkləri təqdirdə hər birinə 40 milyon dollar maliyyə ayrılmasını təklif edib.

Məlumata görə, təşəbbüs mundialın hüquqlarının bir hissəsinin satışından əldə olunacaq gəlirin bölüşdürülməsini nəzərdə tutur. Assosiasiyalara qərar vermək üçün 53 gün vaxt verilib.

İnfantino məktubunda yekun qərarın assosiasiyalara məxsus olduğunu vurğulayıb. Plan təsdiqlənərsə, 2027-ci il yanvarın 1-dən etibarən ümumi həcmi 10 milyard dollar olan maliyyə paketi qüvvəyə minəcək və bu, FIFA ilə üzv assosiasiyalar arasında əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndiriləcək.

Təklif dəstəklənməyəcəyi halda isə FIFA əvvəl elan etdiyi maliyyələşdirmə proqramını qüvvədə saxlayacaq və onun həcmini əlavə 2,7 milyard dollar artıracaq. Bununla yanaşı, xarici investorların cəlb edilməsinə qarşı çıxan bəzi mənbələr bu təşəbbüsü mümkün “satınalma cəhdi” kimi dəyərləndirirlər.

Shares: