“Almaniyaya ilk gələndə həm futbol, həm də şəxsi həyat baxımından fərqli düşüncəyə sahib idim. Tanımadığın ölkədə tək yaşamaq, yeni insanlarla ünsiyyət qurmaq, dil maneəsi və digər çətinliklər insanı qısa zamanda yetişdirir. Təbii ki, bunda yaşımın da rolu var idi. Almaniyaya köçəndə 17 yaşım var idi, indi isə 19 yaşındayam. Bu müddət ərzində futbola yanaşmam dəyişib. Artıq daha peşəkar düşünür, oyuna fərqli prizmadan baxıram”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında İlkin İsgəndərli deyib.

Gənc qolkiper Almaniyadakı karyerasına “BFC Preussen”in U-19 komandasında başladığını xatırladıb. Onun sözlərinə görə, həmin dövrdə komandanın əsas məqsədi Regionalliqadan Bundesliqaya yüksəlmək olub: “İlk məqsədimiz çempion olaraq Bundesliqaya yüksəlmək idi. Təəssüf ki, mövsümü dördüncü pillədə başa vurduq. Digər hədəfimiz Berlin Kubokunu qazanmaq idi. “Union Berlin”, “Viktoria” və “Tennis Borussia” kimi güclü komandaları məğlub edərək yarımfinala yüksəlsək də, bu mərhələdə mübarizəni dayandırdıq”.

İlkin Almaniya futbol sistemi ilə Azərbaycan arasında ciddi fərqlərin olduğunu da vurğulayıb: “Buradakı sistem və oyun tempi Azərbaycandan tamamilə fərqlənir. Hazırda çıxış etdiyim “Blau-Weiss 1890″ klubunda məşq prosesi və temp bəzi Azərbaycan Premyer Liqası klubları ilə müqayisə oluna bilər. Amma liqaların səviyyəsi və ümumi futbol sistemi baxımından fərq kifayət qədər böyükdür. Burada hətta dördüncü liqada çıxış edən bəzi futbolçuların səviyyəsi Bundesliqa oyunçularından ciddi şəkildə geri qalmır. Bunun əsas səbəbi yüksək rəqabətdir. Bundesliqada hər kəsə yer yoxdur. Ən kiçik çatışmazlığı olan futbolçular belə aşağı liqalarda çıxış edirlər. Buna baxmayaraq, həmin liqalardakı oyunçuların səviyyəsi də çox yüksəkdir. Liqalar arasında keyfiyyət fərqi elə də böyük deyil. İntizama gəlincə, düşünürəm ki, bu, ölkədən daha çox klubun peşəkarlığından və daxili qaydalarından asılıdır”.

19 yaşlı qapıçı son iki ildə həm futbolçu, həm də şəxsiyyət kimi inkişaf etdiyini bildirib: “Hazırda öz üzərimdə daha çox işləyirəm və futbola daha peşəkar yanaşıram. Təkcə məşq etməklə kifayətlənmir, futbol haqqında mütəmadi oxuyur və öyrənirəm. Meydanda daha düzgün qərarlar verməyə çalışıram. Çünki bilirəm ki, hər yanlış qərar inkişafıma mənfi təsir göstərə bilər. Düşünürəm ki, bu müddətdə ən böyük irəliləyişi məhz psixoloji baxımdan etmişəm”.

O, Almaniyaya uyğunlaşma prosesinin asan keçmədiyini də etiraf edib: “İlk aylar mənim üçün çox çətin idi. Cəmi 17 yaşım var idi, alman dilini isə çox zəif bilirdim. İnsanları başa düşməkdə və komanda yoldaşlarımla ünsiyyət qurmaqda çətinlik çəkirdim. Lakin zaman keçdikcə həm dil üzərində çalışdım, həm də yeni mühitə tam uyğunlaşdım”.

Hazırda keçmiş Bundesliqa təmsilçisi “Blau-Weiss 1890″un formasını geyinən qolkiper klubdakı şəraitdən razılığını ifadə edib: “Klubun peşəkar yanaşması, məşq sistemi və yaradılan şərait məni tam qane edir. Oyun üslubu da mənim xüsusiyyətlərimə uyğundur. Məşqlər və oyunlar təbii örtüklü meydanda keçirilir, peşəkar məşqçilər korpusu fəaliyyət göstərir və klubun öz fizioterapevti var. Komandada vaxtilə Bundesliqada çıxış etmiş təcrübəli futbolçular yer alır. Onlarla birlikdə məşq etmək və eyni komandada oynamaq mənim üçün böyük təcrübədir. Gənc futbolçular olaraq onların bilik və təcrübəsindən faydalanırıq. Klubdakı infrastruktur da yüksək səviyyədədir. Soyunub-geyinmə otaqları müasir standartlara cavab verir və hər futbolçunun şəxsi yeri ayrılıb. Bir sözlə, hazırda çıxış etdiyim klubdan çox razıyam”.

İsgəndərli gələcək planlarından da danışıb: “U-19 liqasından sonra böyük futbola yeni addım atmışam. Azərbaycanda 16 yaşımda “Kəpəz”in əsas komandasında olsam da, Almaniyada yenidən akademiyadan başlamaq məcburiyyətində qaldım. Hazırda altıncı liqa olan Verbandsliqada çıxış edirəm və əsas məqsədimiz çempion olub Oberliqaya yüksəlməkdir. Berlində 15-dən çox liqa fəaliyyət göstərir və Verbandsliqa da kifayət qədər rəqabətli çempionatlardan biridir. Əlbəttə, əsas məqsədim daha yüksək liqalarda oynamaqdır. Lakin U-19 yaş qrupundan yeni çıxmış qapıçının birbaşa Bundesliqaya transfer olunması real görünmür. İnanıram ki, bu mövsüm komandamızla çempion olub növbəti liqaya yüksələcəyik”.

Gənc qolkiper Azərbaycandan hər hansı rəsmi təklif almadığını da bildirib: “Hələ ki, heç bir Azərbaycan klubundan rəsmi təklif almamışam. Lakin belə bir təklif olsa, mütləq dəyərləndirərəm. Almaniyaya gəldiyim gündən əsas məqsədlərimdən biri Azərbaycan milli komandasına dəvət almaqdır. Hazırda ən böyük hədəfim budur. İndi bütün diqqətimi U-20 millisindən çağırış almağa yönəltmişəm. Əlbəttə, son qərarı məşqçilər heyəti verir. Mən isə onların diqqətini cəlb etmək üçün əlimdən gələni edirəm. İnanıram ki, zəhmətimin qarşılığını alacağam. Daha böyük hədəfim isə Avropanın aparıcı liqalarında çıxış etmək, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında oynamaqdır. Amma hazırkı əsas məqsədim Azərbaycan U-20 millisinin təlim-məşq toplanışına dəvət almaqdır”.

GÜNAY SÜLEYMANOVA

Shares: