UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah”ı növbəti ciddi sınaq gözləyir. Azərbaycan təmsilçisi bu raundda Danimarkanın son çempionu AGF (“Orhus”) ilə üz-üzə gələcək.
Zəngin tarixə, titullara və Avropa təcrübəsinə malik rəqib son mövsümdə yenidən ölkə futbolunun zirvəsinə yüksələrək qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb. Gəlin, “Lex”i dramatik mübarizə şəraitində adlayan rəqibimizi daha yaxından tanıyaq!
1880-ci ildə əsası qoyulan “Orhus” Danimarka futbolunun ən zəngin tarixə malik klublarından biridir. Əvvəlcə gimnastika və qılıncoynatma cəmiyyəti kimi fəaliyyət göstərən klub 1902-ci ildə futbol bölməsini yaradıb və sonradan məhz bu sahədə ölkənin ən tanınmış komandalarından birinə çevrilib.

“Orhus” ilk rəsmi futbol oyununu 1902-ci ilin noyabrında keçirib və “Orhus İdretsklub Olimpiya”ya 2:5 hesabı ilə uduzub. Komanda altı il sonra ilk böyük uğurunu qazanaraq Yutland çempionu olub. Klub həmin turnirdə ümumilikdə yeddi dəfə qalib gəlib, daha sonra isə Danimarka futbolunun ən güclü komandaları sırasında möhkəmlənib.
AGF adı ilə tanınan klub 6 dəfə Danimarka çempionu adını qazanıb. Ötən mövsüm çempion olan klub 1986-cı ildən sonrakı həsrətə son qoyub. Komanda həmçinin 9 dəfə Danimarka Kubokunun qalibi olub.
Beynəlxalq arenada da diqqətçəkən nəticələrə imza atan “Orhus” 1961-ci ildə Avropa Çempionlar Kubokunun, 1989-cu ildə isə Kuboklar Kubokunun 1/4 finalına qədər irəliləyib. Hər iki halda danimarkalılar sonradan turnirin qalibi olan, müvafiq olaraq, “Benfika” və “Barselona”ya uduzublar. Klub 2018 və 2020-ci illərdə Atlantik Kubokunu da qazanıb.

Komanda uzun illər ərzində müxtəlif enişli-yoxuşlu dövrlər yaşayıb. 1950-ci illərin ortalarından etibarən ölkə futbolunda güclü mövqe tutan AGF qısa müddətdə dörd çempionluq və beş kubok əldə edib. 1968 və 1973-cü illərdə aşağı liqaya yuvarlansa da, 1976-cı ildə elitaya qayıdaraq uzun müddət yüksək dəstədə çıxışını davam etdirib.
1980-ci illər klubun ən uğurlu dövrlərindən biri hesab olunur. Henninq Yensen, Fleminq Poulsen, Yan Bartram və Con Stampe kimi futbolçuların çıxış etdiyi illərdə “Orhus” 1986-cı ildə beşinci çempionluğunu qazanıb, 1987, 1988 və 1992-ci illərdə isə ölkə kubokunu muzeyinə aparıb. 1990-cı illərdə də çempionluq uğrunda yarışan bu komanda 1996-cı ildə dramatik şəkildə titulu əldən versə də, mövsümü Danimarka Kubokunda titulla başa vurub.
Sonrakı illərdə maliyyə problemləri klubun nəticələrinə mənfi təsir göstərib. AGF bir neçə dəfə aşağı liqaya düşsə də, hər dəfə qısa müddətdə yenidən Superliqaya qayıtmağı bacarıb. 2014-cü ildən sonra rəhbərlikdə aparılan dəyişikliklər və yeni inkişaf strategiyası klubun sabitliyini bərpa edib. Müxtəlif baş məşqçilərlə işləyən kollektiv tədricən əvvəlki iddiasını geri qaytarıb və 2019/20 mövsümündə bürünc medal qazanaraq yenidən liderlər sırasına yüksəlib.

2025/26 mövsümü isə AGF üçün tarixi əhəmiyyət daşıyıb. Baş məşqçi Yakob Poulsenin rəhbərliyi altında komanda çempionatın sonlarına yaxın inamlı çıxışı ilə fərqlənərək səfərdə əzəli rəqibi “Bröndbü” üzərində 2:0 hesablı qələbə sayəsində 40 illik çempionluq həsrətinə son qoyub. Məhz bu uğur sayəsində “Orhus” UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.
Beləliklə, “Sabah”ı təkcə Danimarkanın son çempionu deyil, həm də zəngin ənənələrə və böyük Avropa təcrübəsinə malik rəqib gözləyir. Bununla belə, son illərdə yenidən yüksəlişə keçən AGF üçün də Azərbaycan təmsilçisi ciddi sınaq olacaq və bu cütün qarşıdurmasının gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.
Hə, onu da qeyd edim ki, keçiləsi rəqibdir. Niyə belə düşündüyümü isə oyun ərəfəsində yazacağam. Təbii ki, rəqibin heyətini və oyununu təhlil etməklə…
TAHİR MİRZƏ