“Çox adam bilməsə də, “Kəpəz” mənim üçün hər zaman doğma olub. Çünki uşaqlığımın bir neçə ili Gəncədə keçib və ən gözəl günlərimi burada yaşamışam. Ona görə də Gəncə şəhəri və “Kəpəz” komandası mənim üçün həmişə özəl olub”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Rafael Məhərrəmli deyib.
Məhərrəmli yeni mövsüm öncəsi rəhbərliyin və baş məşqçinin ona göstərdiyi etimadı yüksək qiymətləndirib. O, komandanın yeni transferlərinin də uğurda mühüm rol oynayacağına inandığını deyib: “Əsas olan rəhbərliyin və baş məşqçimizin mənə olan inamıdır. Düşünürəm ki, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Biz də onların və azarkeşlərin gözləntilərini doğrultmağa çalışacağıq. Təkcə mənim deyil, komandaya yeni qoşulan digər futbolçuların da “Kəpəz”ə böyük fayda verəcəyinə inanıram. Onların arasında təcrübəli oyunçular var və hamımız üzərimizə düşən məsuliyyəti dərk edirik”.
26 yaşlı müdafiəçi “Kəpəz”in Azərbaycan futbolunda xüsusi yerə malik olduğunu vurğulayıb və komandanın əvvəlki iddialı günlərinə qayıtması üçün əsas amillərdən birinin birlik olduğunu qeyd edib: “Kəpəz” Azərbaycan futbolunun böyük ənənələrə və zəngin tarixə malik köklü klublarından biridir. Düşünürəm ki, komandanın yenidən əvvəlki iddialı günlərinə qayıtması üçün ən vacib amillərdən biri sabitlik və birlikdir. Burada söhbət yalnız meydandakı mübarizədən getmir. Azarkeşlərin dəstəyi, klub daxilində sağlam mühitin formalaşması və hər oyuna qələbə əzmi ilə çıxmaq da çox önəmlidir. Gəncə futbol şəhəridir və buranın azarkeşləri böyük futbolu haqq edir. Biz futbolçular olaraq hər matçda sonadək mübarizə aparmalı və “Kəpəz”i layiq olduğu yüksəkliklərə qaytarmaq üçün əlimizdən gələni etməliyik”.
Rafael komandanın və özünün qarşısına qoyduğu hədəflərdən də danışıb: “Komanda baxımından əsas hədəfimiz hər oyuna qələbə üçün çıxmaq, turnir cədvəlində mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq və azarkeşlərimizə baxımlı, mübariz futbol nümayiş etdirməkdir. Biz “Kəpəz”in adına layiq mübarizə aparmalıyıq. Şəxsi hədəfim isə mövsüm boyu zədəsiz qalmaq, sabit və yüksək performans göstərərək komandaya maksimum fayda verməkdir. Hər matçda komandanın qələbələrində pay sahibi olmaq və karyeramda növbəti addımı atmaq üçün üzərimdə daim çalışacağam”.
Məhərrəmli Gəncə azarkeşlərinin tələbkarlığının futbolçular üçün təzyiq deyil, əlavə motivasiya olduğunu bildirib: “Gəncə azarkeşləri hər zaman belə olub və onların tələbkarlığı tamamilə normaldır. Mənim üçün bu, əlavə təzyiqdən daha çox böyük motivasiyadır. Dolu tribunalar önündə və futboldan anlayan azarkeşlər qarşısında oynamaq hər bir futbolçuya əlavə güc verir. Bu məsuliyyət bizi hər məşqdə və hər oyunda daha çox çalışmağa, meydanda maksimumumuzu göstərməyə sövq edir”.
GÜNAY SÜLEYMANOVA
