“Lex”in UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməməsi “Sabah”ın da əhvalını korladı. Doğrudur, təmsilçimiz üçün kiminlə qarşılaşmağın fərqi yoxdur, onsuz mərhələni keçmək üçün qalib gəlmək lazımdır. Amma polşalılar dramatik matçda uduzduqları Danimarka “Orhus”undan daha sərfəli idi.
“Lex” bəlkə də pley-offa yüksəlmək yolunda “Sabah”a daha çox problem yaradardı. Lakin sırf püşk baxımından polşalılarla qarşılaşmaq daha yaxşı perspektiv vəd edirdi.
“Orhus”un təmslçimizə rəqib olması ilə Azərbaycan çempionunun pley-off mərhələsinin püşkatmasında səpələnməmişlər səbətində yer alacağını dəqiqləşdirib. Püşkdə cütlərdən reytinqi ən yüksək olana görə səbət müəyyənləşir. Əgər “Lex” “Orhus”la matçda mərhələ adlasaydı, yüksək UEFA reytinqi (27.250) sayəsində “Sabah” – “Lex” cütü səpələnmişlər arasında yer alacaqdı. Lakin “Orhus”un reytinqi (8.421) buna kifayət etmir. “Sabah”ın klub reytinqi isə 6.000-dir və bu, daha güclü rəqib gözləmək məcburiyyəti yaradır.
Ona görə də “Sabah” pley-off mərhələsinə yüksələcəyi təqdirdə səpələnmiş komandalardan biri ilə qarşılaşacaq. Artıq onların da siyahısı bəllidir. Belə ki, “Qarabağ”dan tranfer olunan Kamilo Duran bu dəfə ölkəmizə rəqib kimi gələ bilər. Onun çıxış etdiyi “Seltik” (Şotlandiya) “Sabah”ın potensial rəqiblərindən biridir. AEK (Yunanıstan) da pley-offda rəqibini gözəyir.
“Srvena Zvezda” (Serbiya) – “Hapoel” Ber-Şeva (İsrail), “Dinamo” (Zaqreb, Xorvatiya) – “Jalgiris” (Litva) və “Slovan” (Slovakiya) – “Myalbü” (İsveç) cütlərinin qalibi də “Sabah”la “Orhus”un mübarizəsində qalib olacaq komandanı gözləyəcək.
Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi avqustun 3-də keçiriləcək. “Sabah” isə 3-cü təsnifat mərhələsində “Orhus”la avqustun 4/5-i və 11-də üz-üzə gələcək.
