Zambiya millisinin və İtaliyanın “Leççe” klubunun hücumçusu Lamek Banda ölkəsindəki toyundan sonra yoxa çıxıb. 25 yaşlı futbolçu artıq iki həftəyə yaxındır “Leççe” ilə əlaqə saxlamır.
Banda mövsönöncəsi hazırlıq toplanışına vaxtında qoşulmayıb və əvvəlcə agentləri vasitəsilə pasport və digər bürokratik problemləri olduğunu, məsələləri həll etdikdən sonra İtaliyaya qayıdacağını bildirib. Lakin sonradan onunla əlaqə yaratmaq mümkün olmayıb.
Maraqlıdır ki, Banda 23 iyulda Zambiyanın paytaxtı Lusakadakı hava limanında həyat yoldaşı ilə birlikdə görüntülənib. Bundan sonra isə futbolçudan xəbər çıxmayıb. Onun həyat yoldaşı sosial şəbəkələrdə paylaşım etməyə davam etsə də, Bandanın harada olduğu məlum deyil.
“Leççe”nin rəhbərliyi futbolçunun davranışından narazıdır və onun geri qayıdacağı təqdirdə intizam tədbirləri ilə üzləşə biləcəyini açıqlayıb. Banda ilə bağlı vəziyyətin digər mümkün səbəblərindən biri kimi isə Səudiyyə Ərəbistanının “Əl-Fateh” klubunun ona maraq göstərməsi də qeyd olunur. Lakin hazırda futbolçunun harada olduğu və niyə əlaqəni kəsdiyi barədə rəsmi açıqlama yoxdur.
