Amerika Birləşmiş Ştatlarında keçirilən “Memphis Classic” turniri başa çatıb. Həlledici matçda reytinqində 114-cü sırada qərarlaşan çexiyalı Darya Vildmanova ilə 229-cu pilləni tutan Kristina Lyutova münasibətlərinə aydınlıq gətirib.
Sürpriz şəkildə nüfuzlu yarışın finalında oynamaq imkanı qazanan gənc tennisçilərin qarşıdurması maraqlı mübarizə şəraitində keçib. 2 saat davam edən görüşün ilk setində Darya Kristinaya cəmi 1 geym qazanmağa imkan verib. Fasilədən sonra 16 yaşlı rusiyalı kortda mükəmməl çıxışı ilə diqqət çəkib. O, əvvəlcə 6:1 hesabı ilə qalib gələrək tarazlığı bərpa edib. Sonuncu hissədə də parlaq çıxışı ilə yadda qalan Lyutova bu dəfə 6:3 hesabı ilə uğur qazanıb.
Beləliklə də, görüş ərzində 1 dəfə də olsun eys etmədən 10 breyk imkanının 7-dən yararlanmağı bacaran Lyutova karyerasında ilk WTA turnirində uğur qazanıb. O, 1990-cı illərdən sonra belə bir uğur əldə edən ən gənc raketka ustası kimi tarixə düşüb. Buna qədər 1997-ci ildə Boledəki turnirdə 15 yaş 50 günündə xorvatiyalı Miryana Luçiç çempion olmuşdu.
Memfisdəki çempionluq sayəsində Lyutova WTA reytinqində 103 pillə irəliləyib.
