Rallli üzrə dünya çempionatında mövsümün 10-cu mərhələsi geridə qalıb.

Finlandiyada keçirilən yarışın sonuncu günündə bu dəfə lider dəyişməyib. İlk 3 yarış günündə sürət həvəskarları fərqli qaliblərə şahidlik edirdisə, şənbə günü finiş xəttini 1-ci keçən finlandiyalı Sami Payari son iki dövrədə də vəziyyəti nəzarəti altında saxlayıb. Nəticədə 20 xüsusi məntəqəni 2 saat 14 dəqiqə 26,1 saniyəyə geridə qoyan “Toyota Gazoo Racing” sürücüsü ardıcıl ikinci yarışında da uğur qazanıb.

Bununla da Payari ralli üzrə dünya çempionatlarında finlandiyalı pilotların 200-cü qələbəsi ilə yadda qalıb. Bununla yanaşi, Sami doğma məkanda mərhələ yarışının qalibi olan 14-cü finlandiyalı pilot kimi də tarixə düşüb.

Payaridən 36,4 saniyə geriyə düşən isveçli komanda yoldaşı Oliver Solberq mübarizəni ikinci sırada başa vurub. Yaponiya komandasının daha bir pilotu britaniyalı Elfin Evans isə 3-cü yeri tutub. Ümumiyyətlə, “Toyota” son 9 ildə 8-ci dəfə Finlandiyada keçirilən yarışın qalibi olmaqla əlamətdar göstərici ilə diqqət mərkəzinə düşüb.

Hazırda Elfin Evans 201 xalla çempionata başçılıq edir. Ondan 30 xal geridə qalan Sami Payari ikinci sıradadır. 3-cü pillədə isə 160 xalla Takamoto Katsuta qərarlaşıb.

Mühəndislər Kubokunda da 514 xalla “Toyota” liderdir. Növbəti mərhələ avqustun 27-dən 30-na qədər Paraqvayda keçiriləcək.

Shares: