Lui van Qal yenidən Niderland millisinin baş məşqçisi postuna qayıtmaq ehtimalını istisna etmir. Bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, 74 yaşlı mütəxəssisin hazırkı sağlamlıq vəziyyəti ona məşqçilik fəaliyyətini davam etdirməyə imkan verir. Bununla belə, milli komandaya qayıdış onun üçün əsas məqsəd deyil. Əgər Niderland Kral Futbol İttifaqı (KNVB) bu məsələdə maraqlı olsa, Van Qal danışıqlara başlamağa hazırdır.
Qeyd olunur ki, təcrübəli çalışdırıcı milli komandanın futbolçularının böyük əksəriyyətini yaxşı tanıyır və beynəlxalq turnirləri yaxından izləməyə davam edir.
Xatırladaq ki, Lui van Qal Niderland millisini üç fərqli dövrdə – 2000-2001, 2012-2014 və 2021-2022-ci illərdə çalışdırıb. Onun rəhbərliyi altında komanda 2014-cü il dünya çempionatında üçüncü yeri tutmuşdu.
