Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən Polşa çempionatına qayıtdı. 2021/2022-ci il mövsümündə bu ölkənin “Legiya” klubunda oynayan forvard bu dəfə başqa klubda çıxış edir. O, “Rakuv”la müqavilə imzaladı. Bir illik icarə sözləşməsindən sonra Emreli artıq yeni komandasında 2 qol vurub. Bütün baş verənlərlə bağlı futbolçu futbolinfo.az saytına müsahibə verib.
– Yenidən Polşa çempionatına qayıtdın. Özünüzü orada necə hiss edirsən?
– Özümü yaxşı hiss edirəm. Komanda məni çox yaxşı qəbul etdi, sağ olsunlar. Həm futbolçular, həm rəhbərlik, həm də digər işçilər komandada mənə çox pozitiv yanaşdılar. Çox yaxşı qarşıladılar və mənə böyük diqqət göstərirlər. Mən də çalışıram ki, həm meydandan kənarda tərbiyəm və davranışlarımla, həm də meydanda mübarizəm ilə nümunə olum.
– Artıq iki qol vurmusan. Düşünürsən ki, Polşa çempionatı, Polşa klubunda oynamaq sənin üçün daha rahatdır?
– Yox, bu çempionat rahat çempionat deyil. Mənim üçün Polşa çempionatı sevdiyim çempionatlardan biridir. Amma digər tərəfdən, son illərdə taktiki baxımdan çox inkişaf ediblər. Komandalar taktiki məşqlərə çox vaxt ayırırlar və bu, artıq vərdiş halına gəlib. Oyunun müxtəlif anlarında daha açıq futbol oynamağa başlayıblar. Bu da, əlbəttə, futbolçular üçün xoş haldır. Çünki çoxlu qol epizodları yarada bilirsən. Həmçinin standart vəziyyətlərə də daha çox vaxt ayırırlar. Biz də məşqlərdə çoxlu standart vəziyyətlər üzərində işləyirik – həm müdafiədə, həm də hücumda. “Legiya”da çıxış edərkən daxili çempionatda o qədər də çox oynamırdım, daha çox ehtiyatda qalırdım. Avropa Liqasında isə daha çox meydana çıxırdım. Vacib matçlarda meydanda olurdum. Yaxşı çempionatdır, hər bir futbolçu üçün maraqlıdır.
– “Rakuv” bir neçə il qabaq Polşa çemlpionu olmuşdu. İndi komandanın hədəfləri nədir?
– Keçən mövsümə və hazırkı vəziyyətə baxsaq, xüsusilə də son turlarda görürsünüz ki, komandalar yüksək nəticələr əldə edirlər. Təbii ki, rəqabət son illərdə də belədir. Liqada dominant olan komandamız var və bu da təbii ki, gözləntiləri artırır. Amma komandamızın daxilində çox dəyişikliklər oldu, məşqçi dəyişikliyi, yeni oyunçular, transferlər və s. Yəni, uyğunlaşma prosesi gedir. Amma düşünürəm ki, yavaş-yavaş, oyundan-oyuna komandamız daha da yaxşılaşacaq. Çalışırıq ki, birlikdə hədəfimizə doğru gedək. Təbii ki, bunun nəticəsini mövsümün sonunda görəcəyik. Ümid edirəm ki, yüksək yerlər uğrunda mübarizə aparacağıq.
– Polşada tanınırsan. Sənə maraq göstərirlər? “Legiya” azarkeşləri səninlə görüşməyə gəlirlərmi?
–İlk gələndə bir neçə gün Varşada oldum. Bir neçə azarkeş gəlib mənimlə salamlaşdı. Transfer rəsmiləşməmişdi, çox göz önündə deyildim. Azərbaycan millisi ilə Krakovda Ukraynaya qarşı oyuna gələndə Polşada yaxşı vaxt keçirdim. Sağ olsunlar, mənə çox böyük sevgi göstərdilər. Hətta bir oyunda azarkeşlər gəlib məndən imza istədilər. Amma ümumiyyətlə, hazırda çalışıram ki, komandaya tam adaptasiya olum, xüsusilə də oyunlara fokuslanım və qarşıdakı mərhələyə diqqət ayırım.
– “Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə oynayacaq. Matç barədə düşüncələriniz necədir? Sizcə, “Qarabağ” mərhələni keçə biləcək?
– Məncə, “Qarabağ” bu mərhələni keçəcək. Hələ də ümidimiz var və mən buna inanıram. Çünki ilk oyunlarda çoxlu qol epizodları yaratdılar, sadəcə, həmin fürsətləri dəyərləndirə bilmədilər. Amma evdə “Qarabağ”a qarşı oynamaq çox çətindir. Həm şərait, həm də azarkeşlərin dəstəyi böyük amildir. Xüsusilə də son matçda azarkeşlərin komandaya verdiyi dəstək çox vacib idi. Bu, onların bu oyuna nə qədər böyük diqqət ayırdığını göstərir. İnşallah, bu dəstək öz əksini tapar. Ümid edirəm ki, həm biz, həm də onlar bu oyunda qələbə qazanacağıq.
FƏRİD
