“Sabah”ın futbolçusu Ksander Severina futbolinfo.az saytına müsahibə verib. O, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə Danimarkanın “Orhus” klubu üzərində qələbədən və Masazır təmsilçisinin heyətində vurduğu ilk qoldan danışıb.

– Matç haqqında düşüncələriniz necədir? Bu qələbənin əsas səbəbi nədir?

– Özümü möhtəşəm hiss edirəm. Düşünürəm ki, çox yaxşı oyun keçirdik və layiq olduğumuz qələbəni qazandıq.

– Komanda ilk oyunda da yaxşı oynamışdı. Amma qələbə qazana bilməmişdi. İkinci oyunda nə dəyişdi?

– İlk oyunda da daha yaxşı komanda olduğumuzu görmək mümkün idi. Amma təəssüf ki, əldə etdiyimiz fürsətləri dəyərləndirə və qələbə qazana bilmədik. Cavab oyununda isə bir daha göstərdik ki, daha güclü komanda bizik.

– Artıq bir neçə oyundur ki, bunun şahidi oluruq: komanda epizodlar yaradır, amma qol vurmaqda sanki çətinlik çəkir. Necə düşünürsünüz, bu, növbəti oyunlarda – daha ağır pley-off mərhələsində sizə çətinlik yarada bilər?

– Bu futboldur, hərdən belə hallar da olur. Lakin əsas olan komandaya qələbə qazandıran qolların vurulmasıdır. Fikrimcə, komanda olaraq bunun öhdəsindən gəlirik.

– Komandada ilk qolunuzu vurdunuz. Özünüzü necə hiss edirsiniz və bu qol sizin üçün nə deməkdir? Hətta baş məşqçi Valdas Dambrauskas da qolunuza sizinlə birlikdə sevinməyə gəldi. Bu, sizin üçün nə ifadə edir?

– Bəli, çox xoşbəxtəm. Bu, “Sabah” üçün ilk qolumdur və ümid edirəm ki, bundan sonra daha çox qollarım olacaq.

– Növbəti rəqib “Hapoel”dir. Bu rəqib haqqında nə bilirsiniz? Özünüz də İsraildə Hayfa “Makkabi”sində çıxış etmisiniz. Ümumiyyətlə, beer-şevalılar necə rəqibdir?

– Düşünürəm ki, “Hapoel” çox yaxşı rəqibdir. Əlbəttə, “Makkabi”də oynadığım vaxt onlara qarşı da çıxış etmişəm. Ona görə də düşünürəm ki, bizi iki maraqlı oyun gözləyir.

– Həm Serbiyada “Partizan”da çıxış edərkən “Srvena Zvezda”ya qarşı, həm də İsraildə “Hapoel”ə qarşı oynamısınız. Seçiminiz olsaydı, hansını seçərdiniz?

– Bu mərhələdə zəif rəqib olmur. Rəqib pley-offdadırsa, deməli, güclü komandadır.

CAVAD

Shares: