İqlim dəyişikliyi Fransada futbol matçlarının keçirilməsinə birbaşa təhlükə yaradır. “Footmercato”nun məlumatına görə, Fransa Futbol Federasiyasının (FFF) sifarişi ilə “Sport 1.5” şirkətinin hazırladığı və “L’Équipe” tərəfindən araşdırılan hesabatda ölkə klublarının 93 faizinin artıq hava şəraiti səbəbindən matçların təxirə salınması ilə üzləşdiyi bildirilib.
Araşdırmada futbol üçün beş əsas iqlim riski müəyyənləşdirilib: güclü istilər, quraqlıq, tufanlar, qış yağıntıları və daşqınlar.
Vəziyyət 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə pisləşə bilər. Yüksək temperatur səbəbindən 300 mindən çox məşq və təlim-məşq saatı təhlükə altında olacaq. İl ərzində orta hesabla 112 gün futbol meydançalarının qurumuş vəziyyətdə qalacağı gözlənilir. Bundan başqa, Fransadakı futbol meydançalarının təxminən üçdə biri daşqın riski olan ərazilərdə yerləşir.
Süni örtüklər də problemi həll etmir. Belə meydançaların temperaturu havanın temperaturundan 30 dərəcə yüksək ola bilər. Ətraf mühitin temperaturu 40 dərəcəyə çatdıqda isə örtüyün temperaturu 70 dərəcədən yuxarı qalxa bilər.
2100-cü il üçün proqnozlar isə daha narahatedicidir. Araşdırmaya əsasən, təbii örtüklü meydançaların 86 faizi ildə ən azı 80 quraq günlə üzləşə bilər. Bəzi hallarda futbol matçlarının normal keçirilməsi hər il təxminən üç ay ərzində mümkünsüzləşəcək.
Bu təhlükə ilə əlaqədar FFF artıq uyğunlaşma tədbirləri üzərində işləyir. Federasiya yeni strategiyanı və yenilənmiş protokolları 2026-cı ilin ikinci yarısında təqdim etməyi planlaşdırır.
