Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantinoya dəstəyini ifadə edib. Bu barədə jurnalist Romen Molina “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, Diallo FIFA-nı boykot etmək məsələsində UEFA-nın mövqeyini dəstəkləmək niyyətində deyil. Bildirilir ki, bu ikili mövqe Fransa prezidenti Emmanuel Makron tərəfindən də dəstəklənir və o, İnfantino ilə bağlı məsələdə birbaşa iştirak edib.

Daha əvvəl FIFA kommersiya istiqamətlərini və federasiyanın himayəsi altında keçirilən turnirlərin təşkilini birləşdirəcək “FIFA Forward Enterprise! (FFE) şirkətini yaratmaq niyyətində olduğunu açıqlamışdı. Təşkilat özəl investorları yeni strukturda pay almağa dəvət edib. Bu təşəbbüs UEFA-nın mənfi reaksiyasına səbəb olub və dünya çempionatının boykot edilə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Daha sonra FIFA İnfantinonun bəyanatını yayıb. O, layihə ətrafında fikir ayrılıqlarının olduğunu etiraf edib və təklifin həyata keçirilməyəcəyini bildirib.

İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir və daha əvvəl 2027-ci ildə keçiriləcək seçkilərdə yenidən prezidentliyə namizəd olmaq niyyətini açıqlayıb. Təşkilatın prezident seçkisi gələn ilin yazında Mərakeşdə keçiriləcək.

Shares: