Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına baş məşqçi təyinatları hələ də açıqlanmayıb. AFFA yeni çalışdırıcıları müəyyənləşdirsə də, bunu rəsmən elan etməyib.

Futbolinfo.az xəbər verir ki, təyinatların rəsmiləşməsi üçün AFFA İcraiyyə Komitəsinin bir araya gəlməsi lazımdır. Qurum üzvləri müxtəlif səbəblərdən tam tərkibdə yığışa bilmir, lakin ən yaxın zamanda iclas olmalıdır.

Daha öncə 4 yığmanın çalışdırıcısının bəlli olması barədə xəbər yazmışdıq. Həmin zaman U-14-ün kimə tapşırılacağının bəlli olmadığını qeyd etmişdik. Artıq siyahı dəqiqləşib və kiçik dəyişiklik edilib.

Assosiasiya U-20 və U-21 istisna olmaqla, bütün komandaların baş məşqçisini dəyişib. 21 yaşlılara Rəşad Eyyubov rəhbərlik edirsə, dünya çempionatına hazırlaşan U-20 portuqaliyalı Rui Jorjeyə əmanətdir.

Bundan sonra U-18-i Mahmud Qurbanov çalışdıracaq. 19 yaşadək futbolçular “Şəfa”nı Premyer Liqaya yüksəltdikdən sonra postunu itirən Elgiz Kərəmliyə tapşırılıb. U-17-yə yollar ayrılan Aqil Nəbiyevin köməkçisi Emin Mustafayev başçılıq edəcək. Payızda ölkəmizdə baş tutacaq U-15-lərin dünya çempionatına komanda hazırlamaq isə Aleksandr Qrossa tapşırılmalıydı. Lakin son anda bu məşqçi U-14-ə keçirilib. 15 yaşlılara isə sabiq müdafiəçi Rail Məlikovun rəhbərlik etməsi lazım bilinib.

Shares: