“Jirona”nın ukraynalı futbolçusu Viktor Tsiqankov Sequndanın ilk turunda “Leqanes”lə heç-heçə etdikləri oyunda (1:1) meydana çıxmaqdan imtina edib.
“AS” nəşrinin məlumatına görə, qarşılaşmadan sonra soyunub-geyinmə otağında futbolçu ilə klubun tibbi heyətinin nümayəndələrindən biri arasında mübahisə yaşanıb. Tsiqankovun hələ iyun ayında klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirdiyi qeyd olunur.
O, baş məşqçi Kike Alvareslə görüşdə də psixoloji baxımdan “Jirona”da oynamağa hazır olmadığını və matçların iştirak ərizəsinə düşmək istəmədiyini söyləyib. Buna baxmayaraq, “Leqanes”lə görüşdən bir neçə saat əvvəl futbolçuya heyətə daxil edildiyi barədə məlumat verilib. Bu qərar Tsiqankovun narazılığına səbəb olub.
Bundan başqa, “Jirona”nın onun razılığı olmadan “Trabzonspor” və “Nyu-York Siti” ilə mümkün transferi barədə razılığa gəlməsi də gərginliyi artırıb. Ukraynalı futbolçu hər iki variantdan imtina edərək karyerasını La Liqada və ya İngiltərə Premyer Liqasında davam etdirmək istədiyini bildirib.
Xatırladaq ki, Ukrayna millisinin hücumçusunun “Jirona” ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Klub azarkeşlərinin bir qrupu isə futbolçunun meydana çıxmaqdan imtina etməsini kəskin tənqid edərək onun komandaya və klub formasına hörmət etməli olduğunu vurğulayıb.
