“Araz-Naxçıvan” ötən həftə bir təyinatla ölkə futbolundakı saxtakarlıqların bir neçəsini birdən ifşa etdi. Növbəti dəfə anladıq ki, bəzi qaydalar gözdən pərdə asmaq üçündür və ya bütün qaydalarda ondan yayınmaq üçün əlyeri var.
Muxtar respublika təmsilçisinin açıqlaması:
“Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov “Araz-Naxçıvan” PFK-nın əsas komandasına baş məşqçi təyin edilib. Bununla belə, rəhbərliyin klubdaxili qərarına əsasən Misli Premyer Liqasının 2026/2027-ci il mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamar vermək) cavabdehlik isə Cavid Hüseynova həvalə olunub”.
Anormallığın səbəbi aydındır – “Araz-Naxçıvan” baş məşqçi postunda PRO kateqoriyasına malik birini göstərməlidir. Əks halda klub lisenziya qaydalarını pozmuş olur. Amma əsas komandada heç bir səlahiyyəti olmayan Zaur İsmayılov bu vəziyyətdə müqəvva rolunu oynamırmı?

Reallıqlar var, nəticələr, statistika baş məşqçinin adına yazılır. Deməli, Cavid Hüseynovun uğuru da, uğursuzıuğu da başqasının hesabını zənginləşdirəcək. Bu, göz görə-görə saxtakarlıq etməkdir. Belə biabırçı mənzərənin yaranmasına şərait yaratmaqdansa, AFFA bəlkə lisenziya tələblərini dəyişsin? Qaydalarda boşluq varsa, klublar bundan yararlanırsa, onda hamının gülünc vəziyyətə düşməsinə nə gərək?
Bu məsələ təkcə “Araz-Naxçıvan”la bağlı deyil. Təkcə U-21 yığmamızı misal göstərməklə anormallığın səviyyəsini müəyyən etmək olar. Sözügedən komandanın baş məşqçisi olan Rəşad Eyyubov PRO kateqoriyası olmadan bu postu tutur, oyunlarda komandaya cavabdeh şəxs kimi Fərid Namazovun adı elan olunur. Sözügedən məşqçi artıq “İmişli”də işlədiyindən indi Eyyubov özünə kölgəsində gizlənəcəyi yeni bir PRO-lu tapmalıdır.
Bu, işin bir tərəfi. Digər məsələ PRO-ya sahib olmayanların ən yüksək etimada layiq bilinməsi, daha yüksək kateqoriyası olanlara səlahiyyət verilməməsidir. Deməli, ya Eyyubov, Hüseynov və başqaları daydaylıdır, ya da onların PRO-lu “çətirlər”i imtahalardan başqa yolla keçib. Məsələn, Zaur İsmayılov daha yüksək kateqoriya sahibidir, lakin yəqin ki, bacarıqqsızlığı üzündən heç vaxt baş məşqçiliyə layiq bilinməyib.
Bu fakt həm də Aslan Kərimovun rəhbərlik etdiyi “kateqoriya paylayan qurum”un işini araşdırmaq məsələsini gündəmə gətirir. Məşqçilər PRO-ya necə layiq bilinir, həqiqətən savadlıdılarsa, niyə daha aşağı kateqoriyalıların yamağı olmağı qəbul edirlər?

Belə anormal düzəlişlərlə komandalarda baş məşqçi işləməyi bacaran Cavid Hüseynov da yəqin ki, arxayınlaşıb, ona görə illərdir təhsilini artırmağı lazım bilmir. Sabiq yarımmüdafiəçi “Şamaxı”da Vüqar Əsgərovun PRO-sunu qalxan kimi istifadə etdi, daha sonra “Səbail”də eyni qaydada işlədi. İndi də “Araz-Naxçıvan”da analoji proseslər baş verir.
Maraqlıdır ki, Hüseynov həm “Şamaxı”nın, həm də “Səbail”in Premyer Liqanı tərk etməsinə “töhfə verdi”. Bəlkə o həqiqətən də PRO-ya layiq deyil, məhz bu səbəbdən uğursuz olur. Ona daydaylıq edib hər dəfə bir posta qoyanlar “Araz-Naxçıvan”ın da eyni aqibəti yaşayacağı ehtimalı düşünübmü?
Hüseynov, daydayları, PRO-lu “çətirlər”i özü bilər – hamı layiq olduğunu alır. Amma AFFA-nın, PFL-in bu məsələyə bir əncam çəkməsi, qaydaları sərtləşdirməsi vacibdir. İnanın, çox gülünc görünür. “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov ola-ola, mətbuat konfransında Cavid Hüseynovun bu adla təqdim olunması gülməli deyilmi? Ümumiyyətlə, Cavidin konkret vəzifəsi nədir – axı, bir komandanın iki baş məşqçisi ola bilməz?
AFFA, qurtarın bu komediyanı!
VÜSAL MAHMUDOV