“Kayzer Çifs” klubunun mərkəz müdafiəçisi İnasio Migel komanda yoldaşı Eyden Makkartinin “Sabah”a transferini dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, Anqola millisinin üzvünün fikrincə, 22 yaşlı oyunçu Avropada oynamaq istəyən Cənubi Afrika Respublikasının gənc futbolçuları üçün nümunə olacaq.
Migel bildirib ki, Makkartinin Azərbaycana transferi təsadüf deyil, xüsusi düşüncə tərzinin nəticəsidir: “Makkartini yaşıdlarından fərqləndirən əsas xüsusiyyətlərdən biri məsləhətlərə qulaq asmasıdır. O, xüsusi futbolçudur. Düşünürəm ki, Eyden təkcə “Kayzer Çifs”də deyil, bütün Cənubi Afrikada gənc futbolçular üçün nümunə olmalıdır. O, çox ağıllıdır, çox qulaq asır. İndiki gənc nəsil çox şey tələb edir, amma hələ heç nə əldə etməyib”.
Migel keçmiş komanda yoldaşının əsas heyətə yüksəldikdən sonra qarşısına yeni məqsədlər qoyduğunu vurğulayıb: “Eyden kifayət qədər təvazökar idi və əsas komandaya yüksəldikdən sonra “İndi növbəti addım nədir, nə etməliyəm, nə etməməliyəm” suallarını özünə verirdi. Çox çalışqan idi və buna görə də indi “Sabah”dadır. O, “Kayzer Çifs”də əsas komandaya düşməyin kifayət etmədiyini başa düşürdü”.
Qeyd edək ki, Eyden Makkarti “Sabah”la 3 illik müqavilə imzalayıb.
