“Qarabağ” dünənki kimi oynasa, Konfrans Liqasının qrupuna düşmək şansı çox azdır. “Tvente” ilə görüşlər ərəfəsində ağdamlıları çox sönük, inamsız gördük.

Misli Premyer Liqasının ilk turunun son matçında “Şamaxı”nı qəbul edən Qurban Qurbanovun yetirmələri xüsusilə birinci hissədə bərbad çıxış etdi. Baş məşqçi yalnız Marko Yankoviç və Pedro Bikalyonu meydana buraxdıqdan sonra yarımmüdafiəyə nizam gətirə, üstünlüyü ələ ala bildi.

“Qarabağ”ın yeni  transferlərinin komandaya uyğunlaşma sürəti yaxşı deyil. Üstəlik, dünən Renaldo Sefas da zədələnib matçı davam etdirmədi. Qurbanov bütün əvəzetmələrdən istifadə etdiyi üçün ağdamlılar son dəqiqələri azlıqda keçirdi.

Zəkəriyyə Savo və Elvin Cəfərquliyev zədəlidir, Abdullah Zubir komanda ilə vidalaşıb. Hücumda və sol cinahda ciddi problemlər var. Rotasiyalar isə komandanın gücünü əhəmiyyətli şəkildə azaldır. “Şamaxı” çempionatın ən zəif komandalarından olsa da, “Qarabağ” qələbə üçün xeyli əziyyət çəkdi. Niderland təmsilçisi ilə görüş daha ağır olacaq.

Təbii ki, Konfrans Liqasının pley-off matçına köklənmə başqa cür olmalıdır. Qurbanov bir çox oyunçulara dincəlmək imkanı yaratmaqla səfərdəki görüşü düşündüyünü göstərdi. Məşqçi yəqin ki, fərqli birşeylər fikirləşəcək. Lakin dünənki komanda Liqa mərhələsinə vəsiqə qazanmaq gücündə deyil. Transfer pəncərəsi bağlanana kimi hücuma və cinahlara yaxşı transferlər olmasa, hətta daxili çempionatda da vəziyyət yaxşı olmayacaq.

Hələlik qələbə problemlərin üstünü örtdü. “Qarabağ” ilk turdan sonra top fərqinə görə “Neftçi” ilə şərikli liderdir. Burada qalmaq isə çətin olacaq.

ABBAS

Shares: