Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunacaq Avropa çempionatında inamlı çıxış edərək növbəti mərhələyə yüksəlmək istəyir.

Futbolinfo.az xəbər verir ki, bunu millinin hücumçusu Yelizaveta Ruban Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, yarışı səbirsizliklə gözləyir:

“Avropa çempionatının başlamasını səbirsizliklə gözləyirəm. Hazırlıq prosesinin böyük hissəsi geridə qalıb. Bir neçə yoldaşlıq oyununda gücümüzü sınadıq, zəif tərəflərimizi müəyyənləşdirib üzərində çalışdıq. Artıq yarışın başlamasına sayılı günlər qalıb”.

Y.Ruban Azərbaycanın qitə birinciliyinə ev sahibliyi etməsinin komandaya əlavə motivasiya verdiyini deyib:

“Hər birimiz Avropa çempionatının bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq. Böyük xoşbəxtlikdir ki, bu mötəbər yarışa doğma Azərbaycan da ev sahibliyi edir. Necə deyərlər, “doğma divarlar” insana güc verir. Azarkeşlərimizin, voleybolu sevən hər kəsin dəstəyini gözləyirik. Biz də əlimizdən gələni edəcəyik ki, yaxşı oynayıb qələbələr qazanaq, bizə olan inamı doğruldub növbəti mərhələyə yüksələk”.

Qeyd edək ki, avqustun 21-dən 28-dək keçiriləcək C qrupunun oyunlarında Azərbaycan millisi Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya seçmələri ilə qarşılaşacaq.

Shares: