Kiyev “Dinamo”sunun müdafiəçisi Aleksey Sıç “Qarabağ”a məğlub olaraq UEFA Konfrans Liqasından kənarda qalmalarını şərh edib.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi “Qarabağ”ın futbolçularının fərdi ustalığının daha yüksək olduğunu söyləyib.
Ukrayna millisinin üzvü əlavə edib ki, Azərbaycan klubunun oyunçuları topa daha yaxşı nəzarət edirdilər: “Qərarları daha sürətli qəbul edir və texniki baxımdan üstün təsir bağışlayırdılar. “Qarabağ” futbolçuları sinfinin ən yaxşıları idi. Bizim oyunumuzda da bəzi müsbət məqamlar var idi. Sadəcə, şanslardan lazımınca yararlana bilmədik. “Qarabağ” isə əksinə, belə anları daha yaxşı qiymətləndirdi və nəticədə mərhələni keçməyə layiq idi”.
Qeyd edək ki, səfərdə tək qolla məğlub olan “Qarabağ” evdə 2:0 hesablı qələbə qazanaraq, pley-offa yüksəlib.
