“Əslində, həmin topu gözləmirdim. Bir anda qarşıma düşdü. Fikirləşmədən qapıya zərbə vurdum və top tora daxil oldu. Belə epizodlarda çox düşünməyə vaxt olmur. Həmin an düzgün qərar verməyə çalışdım və zərbəm qolla nəticələndi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Edqar Ədilxanov deyib.
“Şamaxı”nın 20 yaşlı yarımmüdafiəçisi səfərdə “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib: “Əzmkar oyun göstərdik. Matç gərgin və mübarizəli keçdi. Qarşılaşmanın əvvəlindən sona qədər qələbə qazanmaq üçün mübarizə apardıq. Düşünürəm ki, komanda olaraq maksimum gücümüzü ortaya qoyduq və meydanda əlimizdən gələni etdik. Təəssüf ki, sonda istəyimizə çata bilmədik. Avtoqol olmasaydı və mən də yaranan epizodlarda imkanlarımdan daha yaxşı istifadə edə bilsəydim, nəticə fərqli ola bilərdi. Amma futbolda belə hallar baş verir. Vacib olan bu məğlubiyyətdən düzgün nəticə çıxarmaq və qarşıdakı oyunlara daha yaxşı hazırlaşmaqdır. İnanıram ki, növbəti matçlarda oyunumuzu və nəticələrimizi yaxşılaşdıra biləcəyik”.
Ədilxanov məğlubiyyətin komandanın motivasiyasına təsir etməyəcəyini və qarşıdakı görüşlərdə daha yaxşı nəticə qazanmağa çalışacaqlarını bildirib: “Bu məğlubiyyət motivasiyamıza təsir etməyəcək. Qarşıda hələ çox oyunlarımız var və mövsümün əvvəlindəyik. Bir məğlubiyyətə görə ruhdan düşmək düzgün deyil. Əksinə, səhvlərimizi analiz edib onların üzərində işləməliyik. Çalışacağıq ki, növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirək, qələbələr qazanaq və bu məğlubiyyəti unutduraq. Bunun üçün yaxşı imkanlarımız olacaq”.
Gənc futbolçu yay təlim-məşq toplanışının komandaya verdiyi faydadan və heyətdəki dəyişikliklərdən də danışıb: “Yay təlim-məşq toplanışımız çox yaxşı keçdi. Hazırlıq prosesində həm fiziki, həm də taktiki baxımdan üzərimizdə ciddi işlədik. Düşünürəm ki, komanda çox yaxşı qurulub. Taktiki planımız da kifayət qədər yaxşıdır. Meydana çıxanda nə etmək istədiyimizi və məşqçinin bizdən nə tələb etdiyini bilirik. Bu da oyun zamanı bizə kömək edir”.
Edqar heyətdə baş verən dəyişiklikləri və kollektivin uyğunlaşma səviyyəsini dəyərləndirib: “Heyətdə çox dəyişiklik olub. Yeni futbolçular komandaya qoşulub və onların kollektivə, oyun sistemimizə uyğunlaşması üçün müəyyən vaxt lazımdır. Bu, normal prosesdir. Bir-birimizi daha yaxşı tanıdıqca və birlikdə daha çox oyun keçirdikcə, meydanda anlaşmamızın da daha yaxşı olacağına inanıram. Əsas odur ki, məşqlərdə üzərimizdə işləyirik və hər oyunda daha da inkişaf etməyə çalışırıq. İnanıram ki, qısa zamanda tam uyğunlaşa və istədiyimiz nəticələri əldə edə biləcəyik”.
GÜNAY SÜLEYMANOVA
