“Özümü yaxşı hiss edirəm. Uzun müddətdən sonra yenidən yaşıl meydanlara qayıtdığım üçün çox şadam. Zədədən sonra məşqlərə və oyunlara dönmək mənim üçün xüsusi önəm daşıyırdı. Ümid edirəm ki, bundan sonra belə bir zədə ilə qarşılaşmaram və mövsümün qalan hissəsində komandama tam gücümlə kömək edə bilərəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə deyib.

29 yaşlı futbolçu Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” komandasına qarşı keçirəcəkləri oyunları da dəyərləndirib. O, mərhələni keçmək üçün komandanın əlindən gələni edəcəyini bildirib: “Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. “Qarabağ” olaraq, bu səviyyədə çoxlu oyunlar keçirmişik və belə qarşılaşmaların bizim üçün nə qədər vacib olduğunu yaxşı bilirik. Qarşımızda güclü rəqib var. Buna baxmayaraq, öz oyunumuza və gücümüzə inanırıq. Hər iki matçda maksimum mübarizə aparmağa çalışacağıq. Ümidvaram ki, sonda əsas mərhələyə yüksələn tərəf biz olacağıq”.

Mustafazadə ötən mövsümün sonlarında yaşadığı zədədən sonra digər klublara mümkün transferi ilə bağlı hər hansı təklifin olub-olmamasına da aydınlıq gətirib. Müdafiəçi bu məsələnin həmin dönəmdə onun üçün prioritet olmadığını vurğulayıb: “Açığı, həmin vaxt başqa klublara keçidlə bağlı məsələlər mənim üçün o qədər də maraqlı deyildi. Bütün fikrim və diqqətim zədədən sağalmağa, əvvəlki formamı bərpa etməyə və yenidən meydana qayıtmağa yönəlmişdi. Əsas istəyim mümkün qədər tez sağalaraq komandama kömək etmək idi. Sonda yenidən futbola qayıtdığım üçün çox sevinirəm. İndi qarşıda bizi uzun və maraqlı mövsüm gözləyir. Ümid edirəm ki, həm komanda, həm də mənim üçün uğurlu olacaq”.

GÜNAY SÜLEYMANOVA

Shares: