Son günlər AFFA-da kadr islahatları ilə bağlı çeşidli xəbərlər oxuyuruq. Müxtəlif qurum rəhbərləri, sıravi işçilər yola salınır, struktur islahatları aparılır.

Rəsmi təsdiq olmasa da, xəbərlərin böyük əksəriyyəti doğrudur. AFFA-nın hazırkı rəhbərliyi sabiq icraçı vitse-prezident Elxan Məmmədovun kadrları ilə heç bir irəliləyişin olmayacağın artıq anlayıb və çoxdan gözlənilən islahatların növbəti dalğasına start verib.

Hələlik işdən çıxarılanların siyahısı bir-bir açıqlanır. Sentyabrın 1-dək proses yekunlaşmalı və yeni təyinatlar olmalıdır.

Əldə etdiyimiz məlumata görə, dəyişikliklər mətbuatda bu günədək adı açıqlananlarla məhdudlaşmayacaq. AFFA, nəhayət, Zaur Axundovla da bağlı tədbir görməyi lazım bilib. Həm Futzal, həm də Naxçıvan Futbol Federasiyasına rəhbərlik edən bu şəxsin yola salınacağı tarix uzaqda deyil. Son vaxtlar fəaliyyətində ciddi axsama olan Futzal Federasyasına yeni rəhbər də müəyyənləşib. Yaxın günlərdə Axundov göndəriləcək, yeni prezident seçiləcək.

Axundovun Naxçıvan Futbol Federasiyasına nəvaxtadək başçılıq edəcəyi bilinmir. Amma Zaur bəyin axtarışda olan qardaşı ilə bağlı qalmaqaldan sonra gözdən düşdüyü, dəstəyinin azaldığı dəqiqdir. Bu  səbəbdən onun hər iki federasiyadan kənarlaşacağı gözlənilir. Onun əlindən qeyri-rəsmi idarəçisi olduğu “Araz-Naxçıvan” (həm futbol, həm futzal – red.) klublarının alınması da gündəmdədir.

Shares: