“Sabah”ın hücumçusu Coy Lens Mikels goal.com nəşrinə müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı forvard bəzi klublarda keçirdiyi dönəmləri xatırlayıb.

Mikels, xüsusən də, 2014-2016-cı illəri əhatə edən “Şalke” dönəmindən bəhs edib: “Şalke”nin əsas komandasında ilk məşqdən sonra həmin vaxt baş məşqçimiz olan Roberto di Matteo yanıma gəlib dedi ki, hələlik peşəkarlarla qalacaqsan. Həmin an arzum gerçəkləşdi. Həm də ona görə ki, “Şalke” inanılmaz dərəcədə böyük klubdur. Almaniyanın aparıcı klublarından biri idi, Çempionlar Liqasında çıxış edir və heyətində çoxsaylı ulduz futbolçular yer alırdı. Kevin-Prins Boatenqq, Klas-Yan Huntelar və Benedikt Hövedeslə birlikdə məşq etmək möhtəşəm idi. Lakin “Şalke”də möhkəmlənə bilmədim. Etiraf edim ki, lazımi qədər peşəkar deyildim”.

Ruanda millisinin üzvü 2021-ci ildə Azərbaycana yollanmasına da münasibət bildirib: “Mastrixt”də bir mövsüm çıxış etdikdən sonra “Sabah”dan təklif aldım. Dostlarımın çoxu mənə deyirdi ki, Azərbaycana getsən, karyeranı elə oradaca bitirə bilərsən. Çünki bu transfer, demək olar ki, karyeranın sonu ilə eyni şeydir. İlk günlər heç də asan keçmədi. Hətta iki həftədən sonra hər şeyi yarımçıq qoymaq istəyirdim. Həmin vaxt hələ oteldə qalırdım, Bakıda evim yox idi və demək olar ki, heç kim ingilis dilində danışmırdı”.

Futbolçu bildirib ki, yaşa dolduqca daha yetkin, düşüncəli olub, Mönxenqladbax “Borussiya”sı və “Şalke”dəki dövrlə müqayisədə həyata yanaşması xeyli dəyişib: “Əvvəllər “PlayStation” qarşısında çox vaxt keçirirdim, indi isə vaxtımın böyük hissəsini idman zalında keçirirəm və bərpaya diqqət yetirirəm. Həmçinin sağlam və düzgün qidalanmağa fikir verirəm”.

O, Azərbaycan Premyer Liqasındakı durumu belə təsvir edib: “Çempionat çox mübariz və fiziki xarakter daşıyır. Müdafiəçilər klassik mənada çox sərt oynayırlar. Burada hər oyunda fiziki mübarizəyə girməli olursan və bu, sözün əsl mənasında sümüklərinə qədər hiss olunur”.

Qeyd edək ki, Coy Lens Mikels 2021-ci ildən “Sabah”ın formasını geyinir. O, 2023-24 mövsümünü Səudiyyə Ərəbistanı klubu “Əl Faysali”də keçirib.

Shares: