“LiveSport” “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını və əsas raunddakı şanslarını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 9 illik klubun qitənin ən nüfuzlu turnirinə yüksəlməsini xüsusi vurğulayan nəşr sensasiyanın davamını da istisna etməyib.
“Sabah”ın uğurlarında baş məşqçi Valdas Dambrauskasın rolu xüsusi qeyd olunub: “Sabah” cəmi 9 illik tarixə malik olsa da, Azərbaycan futbolunda sürətlə yüksələrək “Qarabağ”ın uzunmüddətli hegemonluğunu qırdı. Əlbəttə ki, gənc komandanın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması böyük sensasiyadır. Xüsusilə baş məşqçi Valdas Dambrauskasın rolu geniş qeyd olunmalıdır”.
Yazıda bu turnirin bəzi oyunçular üçün xüsusi şans olduğu bildirilib: “Sabah” ötən mövsüm həm Azərbaycan çempionluğunu, həm də ölkə kubokunu qazanaraq “qızıl dubl”a imza atdı. Komandanın hücum futboluna üstünlük verməsi, yüksək topa sahibolma faizi və məhsuldar oyunçuları onun əsas üstünlükləri kimi göstərilir. Xüsusilə Aleksey İsayev, Timoteuş Puxaç, Velko Şimiç və Coy-Lens Mikels kimi futbolçuların potensialı olduqca genişdir”.
“LiveSport”un araşdırmasına görə, ən çətin rəqiblər məhz “Sabah”a düşüb: “Barselona”, “Arsenal”, Dortmund “Borussiya”sı, “Mançester Yunayted”, “Napoli” və “Vilyarreal” kimi komandaların yer aldığı təqvim Azərbaycan çempionu üçün ciddi sınaqdır. Ən ağır püşkün “Sabah”a düşdüyünü demək olar. Bununla belə, Çempionlar Liqasındakı debüt ilində gözlənilməz nəticələrə nail olan “Lester”, “Atalanta”, “Ayntraxt”, “Aston Villa”, “Brest” və “Bodo-Qlimt”i nümunə göstərə bilərik. Düzdür, “Sabah” kağız üzərində aşkar autsayderdir, lakin futbol sürprizlər oyunudur. Bakı klubu yeni nağıl yazsa da, yazmasa da, güclü rəqiblər qarşısında mübarizə aparacağını təxmin etmək olar. Lakin indiki durumda turnirdə uzağa getməsi çətin görünür”.
Qeyd edək ki, “Sabah” turnirdə ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.
