Polşalı idmançılar 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarından kənarda qala bilər. Buna Polşa Olimpiya Komitəsinin prezidenti Radoslav Pesyeviçin korrupsiya işi üzrə həbs edilməsi səbəb olub.
Yerli mətbuatın Polşa Olimpiya Komitəsinə göndərilən daxili məktuba istinadən yaydığı məlumata görə, Beynəlxalq Olimpiya Komitəsi təşkilat qarşısında üç variant qoyub. Bunlar Pesyeviçin könüllü istefası, onun prezident kimi səlahiyyətlərinin dayandırılması və Polşa Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılmasıdır.
Sonuncu variantın tətbiqi Polşa idmançılarının Olimpiadada iştirakına qadağa qoyulmasına səbəb ola bilər. Hazırda isə Polşanın Oyunlardan kənarlaşdırılması ilə bağlı yekun qərar yoxdur.
Pesyeviç avqustun 27-də Varşavada saxlanılıb və məhkəmə onun üç ay müddətinə həbs edilməsinə qərar verib. O, müflis olmuş kriptovalyuta şirkəti “Zondacrypto” ilə bağlı korrupsiya işində ittiham olunur və günahı sübuta yetiriləcəyi halda 8 ilədək həbs cəzası ala bilər.
Xatırladaq ki, 2028-ci il Yay Olimpiya Oyunları ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək.
