Argentina prezidenti Xavyer Miley ölkənin Formula 1 Qran-prisinə ev sahibliyi etmək hüququnu geri qaytarmaq üzərində çalışacağını bildirib.
O, bununla bağlı fikirlərini bölüşərək Argentina avtomobil idmanının zəngin ənənələrə malik olduğunu və ölkənin yenidən “Formula-1” yarışına ev sahibliyi etmək üçün bütün imkanlara sahib olduğunu deyib: “Argentina Avtomobil Klubu milli səviyyədə avtomobil idmanının inkişafına böyük töhfə verib, Argentina isə avtomobilləri sevən ölkədir. Argentinalıların avtomobil idmanına olan sevgisi zamandan asılı deyil. Buna görə də hamınızı mənimlə birlikdə xəyal qurmağa dəvət edirəm. Argentinanın həm Formula 1 Qran-prisinə, həm də ralli üzrə dünya çempionatının mərhələ yarışına yenidən ev sahibliyi etmək üçün lazım olan hər şeyi var. Biz ənənələrimizi qoruyuruq. Bizim pilotlarımız var. İndi isə biz yenidən bu kateqoriyalarda yarışların keçirilməsi üçün tələb olunan yanaşmanı inkişaf etdiririk. Bizdə bunun üçün hər şey var”.
Hazırda 1998-ci ilə qədər Qran-prilərin keçirildiyi Oskar Alfredo Qalves adına avtodrom 2027-ci ildə MotoGP yarışının keçirilməsi öncəsi yenidən qurulur. İşlər iki mərhələdə aparılır: birinci mərhələ MotoGP-nin tələblərinə yönəlib, ikinci mərhələ isə Formula-1-in potensial qayıdışını nəzərdə tutur. Xatırladaq ki, sonuncu dəfə 1998-ci il aprelin 12-də Buenos-Ayresdə yarış keçirilib və həmin Qran-prini “Ferrari”nin pilotu Mixael Şumaxer qazanıb.
